
Azərbaycanın fiqurlu konkisürənləri Edrienn Karhat və Aleksandr Kolosovski dünya çempionatına vəsiqə qazanıblar.
Qış İdman Növləri Federasiyasından Sportnet.az-a verilən məlumata görə, buz üstündə rəqs növündə çıxış edən cütlük Almaniyanın Oberstdorf şəhərində keçirilmiş "Bavaria Open 2023" turnirində göstərdikləri nəticələrə əsasən mundiala lisenziya əldə ediblər. Onlar yarışı 145,34 xalla 6-cı pillədə başa vurublar.
Samanta Ritter - Daniel Brikalov cütlüyü isə 145,30 xalla 7-ci olub. Buz üstündə rəqs növündə yeniyetmə cütlük Anna Obrien və Stiven Vey ritm rəqsi üzrə ilk çıxışlarını edərək 92,91 xalla 15-ci yerə sahib çıxıblar.
Bundan başqa, turnirdə Azərbaycanı tək konkisürmədə təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva yekun nəticədə 103,82 xal toplayaraq 19 iştirakçı arasında 9-cu yeri tutub.