"Məhəmməd Əlinin ölüm xəbərini bu səhər televiziya kanallarının birində eşitdim. Əfsuslar ki, belə oldu. Ölüm xəbəri mənə çox pis təsir etdi". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi Əli ismayılov deyib.
Əfsanəvi boksçunun ölümündə danışan əlcək ustası Məhəmməd Əli ilə görüşündən danışıb: "Mən 1974-cü ildə anadan olmuşam və həmin il Əlinin karyerasının pik nöqtəsi idi. Valideynlərim onun şərəfinə adımı Əli qoyub. Onunla iki görüşüm olub. Biri ABŞ-ın Texas ştatında Hysutonda keçirilmiş dünya çempionatında, digəri isə 2000-ci ildə Sidneydə keçirilmiş olimpiadada üz-üzə gəldik. Hyustonda öz xalatını mənə hədiyyə vermişdi. Dedi bu xalat sənə uğur gətirəcək. Məhəmməd Əli mənim kumirim olub".
42 yaşlı İsmayılov Məhəmməd Əlinin şərəfinə öz oğlunun adını Məhəmməd Əli qoyduğunu söyləyib: "Oğlum olanda ona zəng elədim və dedim ki, oğlum olub, adını da Məhəmməd Əli qoymuşam. Xalatı oğluma verəcəm. Onun uğur qazanması üçün, Məhəmməd Əli olması üçün əlimdən gələni edəcəm. İndi oğlumun şəxsi məşqçisi özüməm. Balaca Əli 6 ildir boksla məşğul olur və uğur qazanır. O da XXI əsrin Məhəmməd Əlisi olacaq".
"Bu cür insanlar, əfsanələr yüz ildə bir dəfə dünyaya gəlir. Onlar bütün insanlara nümunə olur" - deyə, Ə.İsmayılov bildirib.
Qeyd edək ki, əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.