1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yeddi medal istərəm, bircə dənə... - TƏHLİL
Avropa cüdosunun ürəyi İsrailin paytaxtı Təl-Əvivdə döyünür. Sabahdan etibarən köhnə qitənin tatami ustaları növbəti çempionlarını müəyyənləşdirəcək. Aprelin 28-dək davam edəcək mücadilədə Azərbaycanın 16 təmsilçisi də mübarizə aparacaq.
Kişilər
60 kq - Vüqar Şirinli
66 kq - Orxan Səfərov, Nicat Şıxəlizadə
73 kq - Rüstəm Orucov, Hidayət Heydərov
90 kq - Məmmədəli Mehdiyev
100 kq - Elxan Məmmədov, Zelim Kotsoyev
+100 kq - Uşangi Kokauri
Qadınlar
48 kq - Leyla Əliyeva, Bazarraqça Erdenebat
52 kq - Gültac Məmmədəliyeva, Buyanxişiq Purevsuren
57 kq - Ülviyyə Rəhimli, İçinxorlo Muntxsedev
+78 kq - İrina Kindzerska
Bu, həm də yığmanın yeni baş məşqçilərinin əsas sınağıdır. Fərhad Məmmədovun rəhbərliyi altında ötən il medal keyfiyyət və kəmiyyətində müəyyənləşdirilən rekord Ruslan Maşurenkonun işini qəlizləşdirirsə, qadınlardan ibarət millinin qazanacağı hər hansı əyarlı medal Natiq Bağırovun üzünü ağ edəcək.
Öncə nəzərə çatdıraq ki, maraqlı, ən azından ötənilkindən daha gözoxşayan çempionat gözləyir bizi. Həm tsiklin ilk ilində Yay Olimpiya Oyunlarında uğurlu nəticə qazanmış idmançılar istirahət edirdi, həm də son vaxtlar cüdo aləmində xüsusi nəticə ilə yadda qalmayan Polşaya nisbətdə İsrail xeyli iddialıdır. Bu amillərin azarkeş marağındakı nisbətdə də böyük fərq yaradacağı gözlənilir. Ariel Zeevi, Yael Arad, Oren Smadjanın timsalında təkmilləşən İsrail cüdo məktəbi son illər Yarden Gerbi, Or Sasson, Saqi Muki və digər - istər kişi, istərsə də qadınların mübarizəsində beynəlxalq yarışlarda daim mükafatçılar sırasına düşən cüdoçularla yüksək göstəriciyə nail olub. İsrail artıq Avropanın cüdo mərkəzlərindən birinə çevrilib.
Vaxt gəldi, vədə yetişdi
Karyerasının ilk dönəmlərində yaponiyalı superəfsanə Tadahiro Nomuranı məğlub etməklə dünyanın diqqət mərkəzinə düşən Vüqar Şirinli uzun müddətdir Orxan Səfərov - İlqar Müşkiyev duetinin kölgəsində qalırdı. Hər iki cüdoçunun çəkisini dəyişməsi Şirinliyə böyük yarışların qapısını açdı. O, artıq cari tsikldə aktivinə bir Qran Pri qalibiyyəti də yazıb. Fevralda Düsseldorf "Böyük Dəbilqə"sində də inamlı təsir bağışlayan, son olimpiadanın özbəkistanlı bürünc mükafatçısı Diyorbek Urozboyevi məğlub edən, ardından 60 kiloqram çəki dərəcəsinin yaponiyalı dünya lideri Ryuju Naqayamanı da "tərlədən", son nəticədə beşinci olan Şirinli hər an bizə xoş sürpriz bəxş edə, hətta mükafatçılar sırasına da düşə bilər. Lakin bu yol olduqca mürəkkəbdir. Püşk 25 yaşlı cüdoçumuzu elə ilk mərhələdəcə olimpiya çempionu ilə üz-üzə qoyub. Hərçənd, rusiyalı Beslan Mudranovun son vaxtlar tatamidən uzaq qalması, belədə yarış əhval-ruhiyyəsinin azlığı bizi ümidləndirir. Amma və lakin bu görüşdə uğurlu sonluq sonunda da bizi asan rəqib gözləmir. B qrupunun gürcüstanlı reytinq lideri Luxumi Çxvimiani uğurlu çıxışla cari tsikldə bu çəkidə özünü sübut edə bilib. O, komanda yoldaşı Amiran Papinaşviliyə Tokio yolunda ciddi əngəldir. Ümumən eksta-yüngül çəki kişilərdə yeganə çəkidir ki, burada aşkar favorit göstərmək olmur. Yuxarıda adını çəkdiyimiz cüdoçuları, o cümlədən, ispaniyalı Fransisko Qarriqos, böyük britaniyalı Eşli Makkenzini nisbətən fərqləndirmək olar.
Ustadla çiyin-çiyinə
"66 kiloqram çəki dərəcəsini məndən soruşma. Rəqibləri tanımıram, üstəlik, reytinqim də aşağıdır. Heç bilmirəm kiminlə düşəcəyəm. Bircə onu bilirəm ki, 60 kq-dakıların kefidir". Bu ehtiyatlı, ehtiyatlı olduğu qədər də inamsız açıqlamanı yarışqabağı söhbətimizdə Orxan Səfərov verib. Nicat Şıxəlizadə Səfərov üçün komanda yoldaşı olmaqdan savayı, həm də kiçik müəllimdir. Səfərov hər dəfə onu özünə ustad gördüyünü deyib. Aydın məsələdir ki, yaş artdıqca çəkini qoruyub saxlamaq çətinləşir. Yəni, 26 yaşlı titullu cüdoçu illərdir bu çəkidə mübarizə aparan, Tokio olimpiadasına iddiasını qoyan 31 yaşlı ustadına öz xoşu ilə rəqib olmayıb. Ələlxüsus, o, əvvəlki çəki dərəcəsinin - 60 kq-ın ən güclülərindəndir. Belə deyək, "isti ev"indən olmaq könül məsələsi ola bilməz. Debütündə Avropa açıq çempionatında qızıl medal qazanan Səfərov ardından Düsseldorf "Böyük Dəbilqə"sində mübarizə apardı. İlk iki rəqibi "ippon"la keçsə də, 1/8 finalda çəkinin son ukraynalı Avropa çempionu Georgi Zantaraya ilə görüşdə eyni şəkildə dayanmalı oldu. Çəkidəki təcrübəsinin azlığı onun özünə inamını aşağı salsa da, effektiv texnikası və fiziki göstəriciləri ilə seçilən Səfərovun medallar uğrunda mübarizədə iddia ortaya qoyacağı inandırıcıdır. Püşk də onun üzünə gülüb. İlk görüşdə xorvatiyalı Bernard Azinoviçlə düşən Səfərovun yer aldığı qrupun reytinq lideri israilli Baruç Şmailov da keçilməz rəqib deyil.
Nicat Şıxəlizadə uzun illərdir sözügedən çəkinin "top-10"undadır. Səfərovdan fərqli olaraq, əsas rəqiblərini əl içi kimi tanıyır. Son Avropa çempionatında karyerasında ilk dəfə mükafatçılar sırasına düşən Şıxəlizadə bu dəfə də mükafat qazanmağa iddialıdır. Ancaq son vaxtlar stabil çıxış sərgiləməyən, nəticədə reytinqini əhəmiyyətli dərəcədə itirən təcrübəli cüdoçunun işi bu dəfə daha qəlizdir. Püşk də onun üzünə gülməyib. Elə ikinci mərhələdəcə dünyaca məşhur Zantarayaya potensial rəqibdir. Bununla belə, texniki arsenalının zənginliyinə görə Səfərovdan heç də geri qalmayan Şıxəlizadə hər an hər şeyi öz xeyrinə dəyişə bilər. Bunun üçün adətən olduğu kimi, hücuma aludə olub, müdafiəni boş saxlamaması gərəkdir. Yada salaq ki, Şıxəlizadə yarışın gürcüstanlı reytinq lideri, 2016-cı ilin Avropa çempionu, son dünya çempionatının bürünc mükafatçısı Vaja Marqvelaşvilini 2017-ci ilin noyabrında Abu Dabi "Böyük Dəbilqə"sində gözəl, effektiv fəndlə məğlub etmişdi.
Bir-iki bizimki!
Azərbaycan cüdosunun qızıl çəki dərəcəsi hesab edilən 73 kiloqram son illər Rüstəm Orucov və Hidayət Heydərovla daha da doğmalaşıb. İllərdir iştirak etdiyi yarışların böyük əksəriyyətindən mükafatla dönən Orucov artıq dünya cüdo aləminin çox önəmli simasına çevrilibsə, 21 yaşlı Heydərovun fantastik tempi diqqət mərkəzindədir. Onlar bu çəkidə dünya reytinqində müvafiq qaydada 2-ci və 5-ci, Avropada isə 1-ci və 3-cü yerdədirlər. Bu Azərbaycan superdueti həm də qitənin son iki Avropa çempionudur. Orucov karyerasında ilk dəfə 2016-cı ildə qitənin ən yaxşısı oldu, növbəti il Heydərov yeniyetmələr, gənclər, 23 yaşlılar kateqoriyasından sonra sürpriz şəkildə böyüklər arasında Avropanın 1 nömrəsi statusuna yiyələndi. Adəti üzrə Orucov orada da əliboş qalmadı. Varşavada Azərbaycan tarixində ilk dəfə cüt şəkildə fəxri kürsüdə yer alan bu cüdoçularımıza yenə də ümid böyükdür. Hətta nəticənin daha da yaxşılaşdırılacağı real səslənir. Hər iki cüdoçu fərqli cəbhədə, özü də qrup lideri kimi yer alır. Orucov birinci cəbhənin lideri, Heydərov ikincisidir.
Mübarizəyə 1/16 finaldan qoşulacaq yarışın əsas favoriti Orucov üçün final yolunda ilk əngəl ermənistanlı Ferdinand Karapetyandır. 1/4 finalın potensial rəqiblərinin hər iki dueli kifayət qədər baxımlı alınıb. Hər iki görüşün yekun nəticəsində Orucov Karapetyana yerini göstərsə də, son vaxtlar artıran erməni başağrısı yarada bilər. Final yolunda isə onu isveçli Makias Tommi və ya 66 kq-ın italiyalı son olimpiya çempionu Fabio Bazilenin qarşılaması daha ağlabatan səslənir.
Heydərova gəldikdə, onun da əsas rəqibi qrup finalında, yəni 1/4 finaldadır. Paris "Böyük Dəbilqə"sində sürpriz qalibiyyətlə reytinqini xeyli yaxşılaşdıran kosovolu Akil Cakova azərbaycanlı cüdoçunu yaxşı tanıyır. Dəfələrlə görüşən rəqiblərin duelində Heydərovun aşkar üstünlüyü var. Bu da təmsilçimiz üçün əlavə psixoloji üstünlükdür. Yarımfinalda isə onu əzəmətli Gürcüstanın cüdo üzrə ən uğurlu olimpiyaçısı Laşa Şavdatuaşvilinin qarşılama ehtimalı yüksəkdir.
Allah, Məhəmməd, ya Əli
Məmmədəli Mehdiyev 8 dəfə Dünya Turu seriyasından olan turnirlərin mükafatçısıdır. 25 yaşlı həmyerlimiz 90 kq-da dünya arenasında ortabab cüdoçulardan sayılır. Son üç böyük turnirdə - Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında ilk 7-likdə qərarlaşan Mehdiyev, nəhayət ki, medal hesabını açmaq haqqında düşünür. Varşavada yarımfinaladək gələn, lakin medal üçün hər iki cəhdi boşa çıxaran cüdoçunun işi bu dəfə daha çətindir. Dünya Turu seriyasında cari tsikldə hegemonluğu ələ alan köhnə qitənin xeyli təmsilçisi medallara iddialıdır. Son Avropa və dünya çempionları - serbiyalı Aleksandar Kukolj və Nemanya Maydov, gürcüstanlı Beka Qviniaşvili və Uşangi Marqianidən ibarət duet, macarıstanlı Kristen Tot, ispaniyalı Nikoloz Şerazadişvili favoritlərdir. Lakin xoşbəxtlikdən, bu rəqiblərin əksəriyyəti Mehdiyevin olduğu ikinci deyil, birinci cəbhədə mübarizə aparacaq. D qrupunun ikincisi olan təmsilçimizin 1/4 finaladək irəliləməsi real görünür. Bu mərhələdə qrup lideri Şerazadişvili ilə yarımfinal rəqabəti ağlabatandır ki, Mehdiyev onu əvvəlki yarışlarda məğlub edə bilib. Yarımfinal üçün əsas namizəd isə gürcüstanlı Beka Qviniaşvilidir.
Idmançılarımızın əksəriyyəti kimi ibadət əhli olan Mehdiyevin bu yolda dualarının da köməyə gəlməsi arzu-diləyi ilə...
İddialı "əmi-bala"
100 kq-da son Avropa çempionluğu da, son Qran Pri qalibiyyəti də bizdədir. 36 yaşlı Elxan Məmmədov və 20 yaşlı Osetiya əsilli Zelim Kotsoyev ilk dəfədir birgə belə mötəbər turnirdə mübarizə aparır. Kotsoyev üçün bu, ümumiyyətlə ilk belə yarışdı. Ötən il bir ay içərisində gənclər arasında Avropa və dünya çempionu olan Kotsoyev böyüklər yığmasında cari ildə qazandığı ilk şansdan da maksimum yararlandı. Ayın əvvəlində Antalyada keçirilmiş Qran Pridə 5 rəqibinə master-klass keçdi. Olduqca böyük perspektiv vəd edən Kotsoyevin bu yarışda da istənilən nəticəyə imza atması istisna deyil.
Məmmədov müasir dünya cüdosunun fövqəladə naxışıdır. 36 yaşını fevralda tamamlayan yeganə dünya çempionumuzun qoyduğu iddia, göstərdiyi əzm və bacarıq dönə-dönə təqdir olunmalıdır. Ötən il Avropa çempionu oldu, ondan əvvəl iki dəfə çempionu olduğu nüfuzlu "World Masters" turnirində bürünc medalı zəngin kolleksiyasına əlavə etdi. Rəsmi statistika olmasa da, Təl-Əviv mücadiləsinin ən qocaman iştirakçılarından biri olması şübhəsizdir. Bu göstəricidə birinci olması isə böyük ehtimaldır. Hazırkı yarışda da onu hesabdan silmək olmaz. Yığmamızın kapitanı turnirin 4-cü reytinq favoriti, B qrupunun lideridir.
Hər iki cüdoçunun 1/4 final yolu oxşardır. İkisi də ilk görüşdə slovakiyalı rəqiblərlə mübarizə aparacaq. 1/8 finalda isə Rusiya dueti qaçılmaz görünür. Məmmədov son iştirak etdiyi yarışda - Düsseldorf "Böyük Dəbilqə"sində uduzduğu Niyaz Bilalovla, Kotsoyev daha təcrübəli, dünyaca məşhur Kirill Denisovla münasibətlərinə aydınlıq gətirməlidir. 1/4 finalda Məmmədov üçün ən ağlabatan ad açıq çəkidə dünya çempionatının belçikalı gümüş mükafatçısı Toma Nikiforovdur. Hər şey xoşbəxt məcrada cərəyan edərsə, çox böyük ehtimalla yarımfinalda Məmmədovu gürcüstanlı əfsanə, 100 kq-ın hazırkı dünya lideri Varlam Liparteliani qarşılayacaq. O da kapitanımız üçün ən uğursuz rəqiblərdən hesab edilir. Kotsoyevə isə final yolunda ev sahibi Piter Paltçik, portuqaliyalı Xorxe Fonseka, macarıstanlı Mikloş Sirjeniks, fransalı olimpiya mükafatçısı Sirill Mare ən iddialı rəqiblər kimi görünür.
Əsas iştirakdır
Yığmamızın 100 kq-dan yuxarı çəki dərəcəsi ilə bağlı bu "Olimpiya devizi"nin ideyası əfsanəvi paralimpiyaçımız İlham Zəkiyevə məxsusdur. Statistikaya, ümumi vəziyyətə nəzər yetirdikdə bu, ümumiyyətlə aydın olur. Bu günədək sadəcə bu çəkidə Avropa medalı qazanmamışıq. Olimpiadaya bir dəfə lisenziya almış, Dünya Turu seriyasından olan turnirlərdə sadəcə bir dəfə mükafatçılar sırasında olmuşuq ki, bizi bu yarışda elə həmin lisenziya və mükafatın sahibi olan gürcüstanlı legioner Uşangi Kokauri təmsil edəcək. Çəkinin dünya reytinqindəki lideri, son Avropa və "World Masters" çempionu olan həmyerlisi Quram Tuşişvili, olimpiya, dünya və Avropa çempionu Lukas Krpalek bir yana qalsın, Azərbaycan çempionatının gümüş mükafatçısının ilk mərhələdə Yekaterinburq "Böyük Dəbilqə"sinin bürünc mükafatçısı, gənclər arasında rusiyalı dünya çempionu Tamerlan Başayevi keçməsi təəccüb doğuracaq.
Kişilərdən ibarət komandanın köməkçi-məşqçisi Fərhad Məmmədov açıqlamasında komandanın hazırlıq səviyyəsinin yüksək səviyyədə olduğunu qeyd etdi. 41 yaşlı mütəxəssis komandada ən çox güvəndiyi cüdoçuların adını çəkdi: "Yarışa hazırlıq yaxşı keçib. Komandada əhval-ruhiyyə yüksəkdir. Orxan Səfərov, Nicat Şıxəlizadə, 100 kq-da çıxış edən cüdoçularımızdan medal gözləyirəm. Əsas ümidimiz isə 73 kq-adır. İnanıram ki, xalqımızı sevindirəcəyik".
Bircə dənə...
Əvvəldə qeyd etdiyimiz kimi, qadınlarda qazanılacaq bir medal belə, uğur sayılacaq. Zarafat deyil, düz 9 ildir Avropa çempionatında qadınların mübarizəsində əliboş qalırıq. Sonuncu medalı 2008-ci ildə Kifayət Qasımova qazanıb.
Dünya Turu bir yana qalsın, aşağı kateqoriyalı yarışlarda belə ciddi nəticəsi olmayan monqolustanlı legionerlər, eləcə də həmyerlilərimizin bunu reallaşdıracağı inandırıcı görünmür. Arzuolunan medalı sadəcə İrina Kindzerska gətirə bilər. Ramilə Usubovadan sonra dünya çempionatındakı 6 illik "medal orucu"nu pozan ukraynalı legioner Avropa çempionatından da medal gətirəcək potensialdadır. Lakin bu yol elə də rəvan deyil. Kindzerska yarımfinala çıxmaq üçün Dünya Turu seriyasından olan turnirlərin dəfələrlə mükafatçısı olmuş rusiyalı Kseniya Cibişova və ukraynalı Yelizaveta Kalanina səddini keçməlidir.
Beləliklə, ümumiləşdirsək, yığmamız yarışda ən azı 4, ən xoşbəxt halda isə 8 medal qazanmaq iqtidarındadır. Rüstəm Orucov və Hidayət Heydərov üçün qızıl və gümüşü bölüşdürmək kifayət qədər real səslənir. Ən pis halda onları fəxri kürsünün iki və üçüncü pilləsində görə bilərik. Elxan Məmmədov bürünc əyyarla da olsa, bizi sevindirməyə qadirdir. Zelim Kotsoyevin şansı Məmmədovdan az deyil ki, çoxdur. Orxan Səfərov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev və İrina Kindzerskanı da hesabdan silmək olmaz.
Sahib ƏSƏDBƏYLİ