1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondo məşqçiləri aksiya keçirdi: "11 aydır maaş almırıq"
Azərbaycan Taekvando Federasiyasının məşqçi-müəllimləri maaşlarının ödənilməməsinə etiraz olaraq, aksiya keçiriblər.
Sportnet.az xəbər verir ki, illərdir federasiyada çalışan mütəxəssislər 2017-ci ilin avqustundan maaş almadıqlarını bildiriblər. Onların sözlərinə görə, sonuncu dəfə ötən ilin iyulunun maaşı bu ilin fevralında ödənilib. Son 10 ayın maaşı isə indiyədək verilməyib.
Yubanmanın səbəbini bilməyən məşqçi-müəllimlər federasiyadan konkret cavab ala bilmədiklərini açıqlayıblar: "Rəhbərlik gah deyir maaşlar olacaq, gah da deyir olmayacaq. 90 məşqçi 150-500 manat aralığında maaş alırlar. Ancaq biz icarəyə götürdüyümüz zallara görə ödəniş edirik. Eləsi var ki, 6-7 aylıq borca görə zalı bağlanıb. Bizə hər dəfə 10 gündən sonra maaş veriləcəyini deyirlər".
Aksiyaçıların sözlərinə görə, federasiya yalnız yığma komandaya vəsait ayırır: "Biz, 90 məşqçinin ümumi aylıq maaşı 30 min manat edirsə, 2 legionerin və ya baş məşqçinin əmək haqqı 12 min dollardır. Bu da bizə pis təsir edir. Məsələ burasındadı ki, onlar maaş alırlar. Yığmaya Olimpiada iştirakçısı, dünya və Avropa medalçısı bəxş edən mütəxəssislər var ki, aylardı maaşa həsrət qalıb. Biz heç də kənara atılası məşqçilər deyilik. Ölkədə taekvondonu yaradanlar pulsuz qalıb, sonradan gələnlər isə pul alır. Federasiyada pul yoxdursa, əlavə legioner niyə gətirilir?”
Etirazçılar iddia edir ki, İrandan heç kimə lazım olmayan qadın taekvondoçuları Azərbaycan milli komandasına gətiriblər, onlar isə Avropa çempionatının elə ilk mərhələsində uduzublar: "Legionerlərə 40 müəllimin pulunu verirlər".
Məşqçi-müəllimlər aksiya zamanı onu da qeyd ediblər ki, federasiya prezidenti Kəmaləddin Heydərov taekvondonun inkişafı naminə böyük işlər görüb: "Kəmaləddin müəllim 17 ildir taekvondonun inkişafı üçün əlindən gələni edir. Federasiyanın maddi-texniki bazası əla vəziyyətdədir. Ancaq indi vitse-prezident Nağı Səfərov hər dəfə bir bəhanə ilə maaşların verilməsini uzadır. Biz də onun sözünə inana-inana bu qədər vaxt keçirmişik. Yığma üzvlərinin və məşqçilərinin maaşı bu yaxında verilib. Biz də bu qənaətə gəldik ki, onlara pul verilib, bizə verilmirsə, deməli, maaşlarımız kəsilib. Amma bununla bağlı bizə konkret bir şey deyilməyib. Elə gözləməyi məsləhət görürlər, vəssalam. Maaş almayan məşqçilərin orta aylıq əmək haqqı 300 manatdır. Uşaqları taekvondoya cəlb etmək üçün çox güzəştlər edirik. Pulsuz məşqlər keçirik. Aldığımız 5-10 manatdan da zalını icarə haqqını ödəyirik. Avadanlıqları da özümüz alırıq. Onların da necə bahalı olduğunu bilirsiniz. Bundan sonra nə edək? Əlimizdən başqa nə iş gəlir? Başqa gəlir sahəmiz də yoxdur”.
Məşqçilər iddia edir ki, iki legioner idmançı və baş məşqçinin aylıq pulu 90 məşqçinin ümumi maaşına bərabərdir: "Bir idmançını yetişdirmək illər tələb edir. Ömrümüzü buna sərf edirik. Bütün bunların qarşılığında verilən dəyər belə olmamalıdır. Regionlarda elə məşqçilər var ki, zallarının pəncərəsi, istilik sistemi yoxdur. İldə bir dəfə məşqçiləri yığıb, problemləri ilə maraqlanırdılar. Artıq bu da yoxdur. Məşqçi-müəllimlər federasiya prezidenti ilə görüşə bilmir. Kəmaləddin Heydərov burada nə baş verdiyindən xəbərsizdir. Bizim də məqsədimiz odur ki, problemimizi rəhbərlik bilsin. Bizə söz vermişdilər ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazansaq, hər şey yaxşı olacaq. Biz də sevinmişdik. Radik İsayev olimpiya çempionu oldu, Milad Beiqi Harçeqani və Patimat Abakarova olimpiadada bürünc medal qazandı. Sevindik, amma sevincimiz uzun sürmədi. Əksinə medal qazanmağımız biz məşqçilərin burnundan gəldi. Çünki, bizə dedilər ki, vəziyyətimiz daha da pisləşdi, çünki xərcimiz artıb. Radikin maaşı qaldırıldı. Onun pulunu bizdən çıxartdılar. Məqsədləri odur ki, legionerlərlə işləsinlər”.
Etirazçılar hakimlərə də diqqətsizlik edilməsindən şikayətləniblər: "Beynəlxalq hakim olsaq da, bir yarışa da gedə bilmirik. Özlərinə lazım olan adamları isə pul tapıb göndərirlər. Yarışdan dəvət gəlir, deyirlər ki, pulun varsa, get. Ölkə xaricində idarəçilik etməliyik ki, ölkədə hakimliyin səviyyəsi yüksəlsin. Amma belə olmayanda yerli yarışların da idarəçiliyi istənilən səviyyədə olmur. Cəmi 1 nəfər yarışlara gedir. O da heç Bakıya gəlmir. Biz ölmüşük ki, ölkəmizi başqası təmsil etsin?”.