
Avqustun 31-də Azərbaycan millisinin rəsmi oyunlarda ilk qələbəsindən 29 il ötdü. 1996-cı ilin bu günündə Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə üzərində tarixi qələbə qazanıldı - 1:0.
1998-ci il dünya çempionatının seçmə matçının 26-cı dəqiqəsində Vidadi Rzayev rəqibi məyus etdi.
Rzayev Sportnet.az-a müsahibəsində bu oyunla bağlı xatirələrini bölüşüb:
- 29 il əvvələ boylanarkən, Azərbaycan - İsveçrə matçını necə xatırlayırsınız?
- Düzdür, bu oyundan 29 il keçir. Az müddət deyil. Həmişə ilk qələbələr yadda qalır. Bu, dünya çempionatının seçmə mərhələsində ilk qələbəmiz idi, həm də Azərbaycanda keçirilən ilk rəsmi oyunumuz oldu. Ondan əvvəl Avropa çempionatının seçmə mərhələsindəki bir neçə oyunumuzu Türkiyənin Trabzon şəhərində keçirmişdik. Müharibədən yeni çıxmış ölkə idik, amma UEFA bir müddət bizə rəqiblərimizi doğma meydanda qəbul etməyimizə icazə vermədi. O vaxt çətin dövr idi. SSRİ dağılmışdı, maliyyə sıxıntısı vardı, təlim-məşq toplanışlarımız olmurdu. Doğrudur, böyük uğurlarımız da yox idi, amma qığılcımlar görünürdü. Məsələn, heç-heçə ilə bitən oyunlarımız olurdu, ya da yoldaşlıq görüşlərində qələbələr qazanırdıq. Bu da müəyyən səbəblərlə bağlı idi – düzgün qidalanma yox, şərait çətin, aşağı səviyyəli çempionat... SSRİ dağılandan sonra çox əziyyətlə bu günə gəlib çatıb.
- Qarşılaşmanın başqa özəllikləri nələrdən ibarət idi?
- Azərbaycanda keçirdiyimiz bu oyun həm ilk qələbəmiz idi, həm də Ulu Öndərimiz oyuna gəlmişdi. Bilirsiniz, Heydər Əliyev 24-cü dəqiqədə gəldi, 26-cı dəqiqədə qol oldu. Tarixi bir qələbə idi. Bütün komanda yoldaşlarıma uzun ömür, can sağlığı arzulayıram – onların hər birinin əməyi var. Düzdür, qolu vurmaq mənə qismət oldu, amma fərq etmir, kim vurdu. Qələbə – qələbə idi. İlk olduğu üçün tarixə düşdü.
- Amma bu oyunun sizin üçün özəlliyi də oldu...
- Yenə deyirəm, bu matç ilk qələbəmiz olduğuna görə tarixdə qaldı. Mən də çox xoşbəxtəm ki, bu qələbənin bir parçası olmuşam. Elə təsəvvür edin ki, o qolu hamımız vurduq – oynayan da, ehtiyatda oturan da. Çətinliklərə baxmayaraq komanda pis oynamırdı, normal oyunlarımız olurdu. Böyük uğurlar olmasa da, əlimizdən gələni, bəlkə də daha artığını edirdik. Təlim-məşq toplanışlarımız indiki kimi deyildi. İndi gedirlər Antalyaya, Avstriyaya, Polşaya... Bizim ən uzaq getdiyimiz yer Zaqulba, Buzovna olurdu, orada toplanış keçirdik. Amma təəssüf ki, indi bu qədər maliyyə, dövlət qayğısı var, yenə də nəticə yoxdur.
- Rəqibiniz nə dərəcədə güclü komanda idi?
- Bilirsiniz, o komandada kimlər var idi? Həmin dövrün çox güclü futbolçuları. 1994-cü ildə ABŞ-da keçirilmiş dünya çempionatında 1/8 finaladək irəliləmişdilər, 1996-cı ildə İngiltərədə təşkil olunmuş Avropa çempionatında mübarizə aparmışdılar. Yadımdadır, hücumda Almaniya "Borussiya Dortmund"unda çıxış edən Stefan Şapüiza var idi, onların ən güclü hücumçularından biri idi. Kubilay Türkyılmaz 1993 - 1995-ci illərdə Türkiyədə “Qalatasaray”da oynamışdı. Yaxşı futbolçuları var idi, güclü millilərdən biri idilər. Ola bilsin, bizi saymadılar, saymazyana oynadılar, bəlkə də ona görə... Həmin oyunda qapımıza penalti təyin olundu. Amma əslində, 11 metrlik cərimə zərbəsi yox idi, polşalı baş hakim Rişard Voyçikin qərəzi idi. Xoşbəxtlikdən, Murat Yakın topu dəqiq vura bilmədi.
- Oyuna psixoloji hazırlığınız necə idi?
- Oyundan əvvəl demək olar, heç bir futbolçu yatmadı. Axı, Bakıda ilk rəsmi oyun idi, özü də belə güclü bir komanda ilə. Hamımız onları dünya və Avropa çempionatlarında çempionatında izləmişdik. Həmin gecə hamı fikirləşirdi: “Sabah heyətdə kim oynayacaq?” Heyət elan edilməmişdi. Mən, Yunis Hüseynov, Tərlan Əhmədov, Samir Ələkbərovla bir otaqda idik, səhərə qədər danışdıq. Səhər saat 6-ya yaxın yuxuya getdik. Həyəcandan heç kim yata bilmirdi.
- Qələbəyə görə nə qədər mükafat aldınız?
-Həmin oyunda ən çox mükafat, belə deyim, ən yaxşı qazanan Yunis Hüseynov oldu. Yunis Hüseynov oyundan qabaq, Allah rəhmət eləsin, AFFA prezidenti Fuad Musayevə dedi: “Oyunu 100 faiz udacağıq. Mənə nə qədər mükafat verəcəksiniz”? Fuad müəllim də cavab verdi: “Sənə bir maşın alacağam, VAZ-2106 markalı maşın alıb verəcəyəm”. Yunis isə yenə söylədi: “Fuad müəllim, sabah 100 faiz oyunu udacağıq". O qədər əmin idi ki, bilmirəm nəyə inanıb belə deyirdi, amma Allaha qurban olum. Həmin qola görə ayrıca mükafat almadım, ayrıca mükafatı Yunis aldı – Allah canını sağ eləsin. Oyundan qabaq danışmışdılar, kişi kimi də 4 000 dollar aldı. Mən isə ayrıca heç bir mükafat almadım, elə 2000 dollar – hamıya necə verilmişdisə, mənə də elə. Ən vacibi isə odur ki, bu oyun tarixə düşən bir oyun idi, hamı o qələbəni həmişə xatırlayacaq. Təkcə məni yox, bütün heyəti. İlk qələbə olduğu üçün də yəqin ki, tarixdən silinməyəcək.
- Bəs siz buna görə incimədiniz?
-Yox, nə incimək… Biz buna hamımız sevinirdik. Əksinə, heç kim Yunisin 4 000 dollar almasına etiraz belə bildirmədi. Sadəcə, sevinirdik ki, tarixi qələbə qazanmışıq. O anda mükafat gözümüzə görünmürdü. Onsuz da oyundan əvvəl deməmişdilər ki, qalib gəlsək, nə veriləcək. Yunisə də deməmişdilər, sadəcə maşın söhbəti olmuşdu. Axırda isə maşının yerinə 2 000 dollar artıq verdilər. Onun da halal xoşu olsun. Mənə isə oyunda fərqlənməyim bəs edir. Onsuz da tarixə düşməyin özü bir fərqlənməkdir. Mükafat məsələsində heç kimdən fərqlənmədim, heç kimdən də artıq deyiləm. Hamı nə aldısa, mən də onu aldım. Yəni, Yunis mükafatda fərqləndi, mən isə oyunda fərqləndim, belə deyək. İstəsəniz, Yunisdən də müsahibə götürə bilərsiniz, o da bunları təsdiqləyər.
Aliya ƏLƏSGƏROVA