Azərbaycan Premyer Liqasının XXIX turunda "Turan Tovuz" evdə "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Görüşdən sonra meydan sahiblərinin yarımmüdafiəçisi Xəyal Nəcəfov Sportnet.az-a müsahibə verib:
- İlk növbədə, oyunla bağlı fikirlərinizi bölüşərdiniz...
- “Zirə” ilə oyunlar bizim üçün həmişə çətin keçir. Rəqib bu dəfə beşli müdafiə ilə oynadı və bu işimizi daha da çətinləşdirdi. Oyunun ağır keçəcəyini əvvəlcədən bilirdik, baş məşqçimiz də bunu analiz etmişdi. İstədiyimizi əldə etməyə çalışdıq, amma təəssüf ki, sadə səhvdən qol buraxdıq. Ümumilikdə, bu, öz səhvimizdən qaynaqlandı.
- Kubokda da “Zirə” ilə iki oyun keçirdiniz və nəticədə məğlub oldunuz. Demək olarmı ki, taleyi ilk oyunda həll olunmuşdu?
- Düzünü desəm, belə düşünmürəm. İkinci oyunda “Zirə”dən xeyli üstün oynadıq, həm birinci, həm də ikinci hissədə oyun daha çox bizim nəzarətimizdə keçdi. Yaxşı çıxış etsək də, nəticəni əldə edə bilmədik. Vurduğumuz qol sayılmadı, ilk oyunda isə hakim səhvləri oldu. İki penalti və bir qırmızı kart verilmədi. Amma artıq kuboku geridə qoymuşuq və diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.
- Avrokubok şanslarınızı necə qiymətləndirirsiniz?
- Mövsümün əvvəlindən məqsədimiz hər oyuna qələbə üçün çıxmaqdır. Ümid edirəm ki, bunu bacararıq. Alınmasa belə, keçən mövsümdə olduğu kimi mübarizə aparacağıq. Onda dördüncü yeri tutduq və təəssüf ki, Konfrans Liqasına “Sabah” yollandı. İndi isə bütün diqqətimiz qarşıdakı oyunlardadır. Hər matçda qələbə qazanıb Avrokuboklara vəsiqə əldə etmək istəyirik.
Haşım MƏMMƏDOV










































































