
Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı "Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb. Sportnet.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, turnirdə iştirak edən yığma komandamız 3 medal qazanıb.
David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında yarışan idmançılarımız 2 gümüş, 1 bürünc medal əldə ediblər. Məhəmməd Müslümov (65 kq) və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz ikinciliklə kifayətləniblər.
Bürünc medalı isə yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb. 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkili təmsilçimiz Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev ölkəmizi təmsil edib.