
Azərbaycan yığmasının martın 29-da Portuqaliyanın Çaves şəhərində start götürəcək çimərlik güləşi üzrə Dünya Seriyası üçün heyəti açıqlanıb.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, iki gün davam edəcək yarışa məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) yollanacaq. Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.
Qeyd edək ki, Dünya Seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada baş tutacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda ABŞ-da təşkil olunacaq Dünya Çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.