
Ümumdünya Boks Seriyasında (WSB) "Baku Fires" və "Cuba Domaderos” komandaları arasında keçiriləcək final görüşü üçün heyətlər açıqlanıb. Sportnet.az-ın məlumatına görə, iyunun 6-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq ilk döyüş günündə 49, 56, 64, 75 və 91 kq olan boksçular rinqə çıxacaq.
Ertəsi gün digər 5 çəki dərəcəsində olan idmançılar mübarizə aparacaqlar. Kuba təmsilçisi cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadır. Azərbaycan komandası isə kubalılarla hər iki qarşılaşmada 2:3 hesabı ilə uduzub. "Azadlıq adası” təmsilçilsi yarımfinalda Rusiya boksçularını hər iki görüşdə məğlub edib. "Baku Fires” finala gedən yolda "Astana Arlans”ı mübarizədən kənarlaşdırıb.
"Baku Fires" – "Cuba Domaderos"
6 iyun:
49 kq. Məhəmməd İbiyev – Yosbani Veita
56 kq. Məhəmməd Qurbanov– Norlan Yera
64 kq. Heybətulla Hacəliyev– Yasiner Toledo
75 kq. Xaybula Musalov– Arlen Lopez
91 kq. Əbdülqədir Abdullayev – Erislandi Savon
7 iyun
52 kq. Elvin Məmişzadə - Gerardo Servantez
60 kq. Albert Səlimov – Lazaro Alvares
69 kq. Məhəmməd Nuruddinov – Roniel İqlesias Soqolonqo
81 kq. Mixail Dolqolevets – Xulio Sezar de la Kruz
91+ kq. Arslanbek Mahmudov – Xose Larduet
İbiyevlə qarşılaşacaq Veita son dünya çempionatının bürünc mükafatçısıdır. O, cari mövsümdə keçirdiyi 7 görüşün hamısında qalib gəlib. Kubalı boksçu "Baku Fires”in digər üzvü Xamza Nametovu da məğlub edib. Hacəliyev olimpiadalar və dünya çempionatının mükafatçısı Toledo üzərində yenidən qələbə qazanmağa çalışacaq. 5-ci turda həmyerlimiz Qubada bu boksçunu üstələyib.
Savonla Abdullayevin görüşü də böyük maraq doğurur. Rəqib Kubanın ən güclü boksçularından sayılsa da, 2011-ci ilin dünya çempionatında Məhəmmədrəsul Məcidova, ötən il isə Teymur Məmmədova uduzub.
Səlimov ikiqat dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Lazaro Alvarezin müqavimətini qırmağa çalışacaq. Alvarez bu çempionatda bütün görüşlərdə qələbə qazanıb. 69 kq çəki dərəcəsində çıxış edən Sotolonqo olimpiya və dünya çempionudur. Təcrübəli Nuruddinova bu qarşılaşmada çətin olacaq. Mahmudovun rəqibi olacaq Larduet isə 2009-cu ildə İtaliyanın Milan şəhərində keçirilmiş dünya çempionatında bürünc medala layiq görülüb.
Qeyd edək ki, iki görüşdən sonra qalib müəyyənləşməsə, o zaman 69 kq çə ki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.