Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycanın hər 3 yunan-Roma güləşçisi çıxışlarını erkən başa vurub.
Sportnet.az xəbər verir ki, Rəsul Çunayev (67 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyevin (97 kq) uduzduqları rəqiblər finaladək yüksələ bilməyiblər. Bu səbəbdən, azərbaycanlı pəhləvanlar təsəlliverici görüşə qatılma şanslarını da itiriblər.
Qeyd edək ki, Rəsul Çunayev 1/16 finalda cənubi koreyalı Hansu Ryuya, Orxan Nuriyev qazaxıstanlı Yerulan İskakova 1:2 1:2, İslam Abbasov isə 1/8 finalda iranlı Ramin Soltanmorad Taherisərtəngə 0:6 hesabı ilə yenilib.
İlk yarış günündə qeyri-olimpiya çəkisi sayılan 82 kq-da Rafiq Hüseynov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. 55 kq-dakı Eldəniz Əzizli isə bürünc medal görüşünə çıxacaq. Elman Muxtarov (63 kq) və Sənan Süleymanov (72 kq) isə mübarizəni dayandırıblar.
-----------------------
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının ikinci yarış günündə yunan-Roma güləşi üzrə 67 kq, 87 kq və 97 kq çəki dərəcələrində mübarizə gedir.
Sportnet.az xəbər verir ki, ilk yarış günü ilə müqayisədə bugünkülər olimpiya çəki dərəcələri sayılır. Hər çəkidə ilk "6-lığ"a düşən pəhləvanlar olimpiadaya lisenziyanı təmin edəcəklər. Bunun üçün ən azı yarımfinaladək və ya bürünc medal görüşünədək irəliləmək lazımdır.
Azərbaycanı bu çəkilərdə dünya çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rəsul Çunayev, builki Avropa çempionatının və "Minsk 2019" II Avropa Oyunlarının gümüş mükafatçısı İslam Abbasovla yanaşı, Orxan Nuriyev təmsil edir. Onlardan Çunayev mübarizəyə təsnifat, Abbasovla Nuriyev isə 1/16 final mərhələsindən başlayıb.
Dünya çempionatı
15 sentyabr
67 kq
1/16 final. Rəsul Çunayev - Hansu Ryu (Cənubi Koreya) - 1:2
Təsnifat. Rəsul Çunayev - Mate Kraşnay (Macarıstan) - 8:0 (vaxtından əvvəl tam üstünlüklə)
87 kq
1/8 final. İslam Abbasov - Ramin Soltanmorad Taherisərtəng (İran) - 0:6
1/16 final. İslam Abbasov - Qurami Xetsuriani (Gürcüstan) - 4:0
97 kq
1/16 final. Orxan Nuriyev - Yerulan İskakov (Qazaxıstan) - 1:2