Taekvondoçu Ramin Əzizovun dopinq cəzası aldıqdan sonra iştirak etdiyi bütün yarışlardakı nəticələri ləğv olunacaq.
Sportnet.az-ın məlumatına görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.
O, Əzizovun cəza aldıqdan sonra 2020-ci ilin fevralında İsveçdəki turnirdə qazandığı bürünc medalın da əlindən alınacağını söyləyib. Hüseynli bu məqsədlə Beynəlxalq Taekvondo Federasiyasına müraciət edəcəklərini diqqətə çatdırıb.
Xatırladaq ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. Taekvondoçu 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.
AMADA Ramin Əzizovu avqustun 13-də dopinqdən istifadəyə görə 24 aylıq diskvalifikasiya edib. Onun cəzası fevralın 25-dən qüvvəyə minib.