Ukraynalı boksçu Vasili Lomaçenko mütləq dünya çempionluğu uğrunda döyüşdən məğlub ayrılıb.
Sportnet.az-ın məlumatına görə, Las Veqasda keçirilmiş görüşdə rəqib ABŞ təmsilçisi Teofimo Lopes olub. Qarşılaşmanın qalibi hakimlərin qərarı ilə Lopes elan edilib - 115:114.
Mübarizə Ümumdünya Boks Şurası (WBC), Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatının (WBC) yüngül çəkidə çempionluq kəmərləri uğrunda gedib.
Hazırda 32 yaşlı Lomaçenkonun 10-u nokautla olmaqla, 14 qələbəsi və 2 məğlubiyyəti var. Lopes onun 12 qələbəlik seriyasına son qoyub.
Həvəskar boksda isə ukraynalı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının, 2009 və 2011-ci il dünya çempionatlarının qalibi olub. 23 yaşlı ABŞ təmsilçisi isə 16-cı görüşünü də məğlubiyyətsiz başa vurub.