22 yaşadək boksçulardan ibarət Azərbaycan milli komandasının martın 13-də Xorvatiyanın Poreç şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 11 gün davam edəcək yarışda ölkə 7 idmançı ilə təmsil olunacaq.
Yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq), Cəlal Qurbanov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (80 kq) qüvvəsini sınayacaq.
Qitə birinciliyində beynəlxalq dərəcəli referi Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Milli komanda səfərə martın 11-də İdarə Heyətinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında yollanacaq. Boksçular Vətənə martın 25-də qayıdacaqlar.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü martın 12-də atılacaq.