Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start verilib.
Sportnet.az xəbər verir ki, bu gün ənənəvi yarışda ilk medalçılar müəyyənləşib.
Azərbaycan sərbəst güləşçilərindən İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan Vəlizadə gümüş medal qazanıb.
İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabıyla üstələsə də, 1/4 finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. O, bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində qələbə qazanaraq ölkə aktivinə ikinci medalı yazıb.
Elis Manolova (62 kq) A qrupunda 2 amerikalı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçi əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn Manolova yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. O, sabah bürünc medal uğrunda görüşdə yenidən Rocerslə qarşılaşacaq.
Qeyd edək ki, martın 4-də Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Rahid Həmidli, Georgi Meşvildişvili (hər ikisi 125 kq), Mariya Stadnik və Türkan Nəsirova (hər ikisi 50 kq) da mübarizəyə qoşulacaq. Turnirə bazar günü yekun vurulacaq.