"Bakı 2015" I Avropa Oyunlarının məşəli bölgələrə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib. Sportnet.az-ın "AzərTAc"a istinadən məlumatına görə, məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
O, neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Azərbaycan Prezidenti Oyunların məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib. Bununla da Bakı estafeti başlayıb.
Məşəlin növbəti məkanı Ağ Şəhər bulvarı olub. Çoxsaylı məşəlçilərin bir-birinə ötürdükləri "Bakı-2015”in məşəli ardından paytaxtın mərkəzinə doğru irəliləyib.
Neftçilər prospektində "Bakı-2015”in məşəlçisi şərəfinə layiq görülmüş xalq artisti Arif Babayev burada məşəli Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edib.
Birinci xanım məşəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, "Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürüb. Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıyıb.
Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən "Bakı-2015”in məşəlini Arzu Əliyeva qəbul edib.
Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev məşəli növbəti estafetçiyə - Heydər Əliyevə təqdim edib.
"Bakı-2015”in məşəlini bir-birinə ötürən məşəlçilərin estafeti Dövlət Bayrağı Meydanından və "Baku Crystal Hall”dan keçərək açılış mərasiminə qədər gecələr saxlanılacaq məkana – Qız Qalasına gətirilib. Burada məşəl sonuncu estafetçi - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul edilib.
Qeyd edək ki, ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəlçi tərəfindən daşınıb.