“Çətin qrupda mübarizə aparacağımızı bilirdik”.
Sportnet.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev komandasının Avropa çempionatının seçmə mərhələsindəki çıxışı barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıqlarını bildirib: “Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik”.
Mütəxəssis yığmanın ümumi çıxışından razı qaldığını vurğulayıb: “Bu matçlar bizim üçün dərs, böyük təcrübə oldu”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda yer almış Azərbaycan millisi ilk oyunda Macarıstana 0:4, Yunanıstana 0:3 hesabı ilə məğlub olub, son matçda isə Rumıniya ilə heç-heçə edib – 1:1.