
Azərbaycan Premyer Liqasının XXV turunda “Səbail” – “Şamaxı” (0:2) matçından sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
– Komandama və azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar və yaxşı dəstəklədilər. Çoxdandır ki, bu qələbəni haqq edirdik. Amma “Səbail” çox çətin rəqib idi. Qışdan sonra sadəcə “Qarabağ”a uduzmuşdular. İlk 15 dəqiqə bizim üçün çətin keçdi. Amma ondan sonra oyunçularım toparlandı və ikinci hissə bizim böyük üstünlüyümzlə keçdi. Daha böyük hesablı qələbə qazana bilərdik.
– Bu qələbə komandanı qarşıdakı oyunlara kökləmək baxımdan necə təsir edəcək?
– Bu gün ilk növbədə rəqibimizdən 6 xal önə keçdik. Qışdan sonra pis oynamırdıq. Sadəcə qələbə qazana bilmirdik. Müdafiədə yaxşı oynadıq. Xalımızı daha da artıra bilərik.
– İki fərqli hissə izlədik. Bəs 2-ci qoldan sonra bir neçə epizodlarınız oldu amma vura bilmədiniz…
– Rəqibimiz ev oyublarında yaxşı çıxış edir. Bunu təhlil etmişdik. İlk dəqiqələr meydançanın mərkəzini rəqibə vermişdik. Amma ondan sonra toparlandıq və irəli atıldıq.
– 8 oyun idi ki, səfər qələbəniz yox idi. Bu matçı da uduzsaydız, sonuncu pilləyə doğru yuvarlanacaqdınız. Loru dikdə desək, kəfəni necə yırtdınız?
– Üstəlik itkilərimiz də var. İnanın ki, bütün statistikanı hər gün fikirləşirik. Axırıncı pilləyə düşə bilərdik. Amma qarşıda 11 tur var. Bunu düşünüb özümüzü stresə salmırıq. Bu qələbə bizi daha da irəliyə apardı.
– Kapitanlıq sarğısı mövsüm başlanğıcında 4-5 şəxsdə dolaşır. Bunu necə tənzimləyirsiniz?
– Bizim kapitanımızn məlum hadisəsindən sonra birini seçməliydik. Yerli futbolçulardan Səbayıl Bağırov və Arsen Ağcabəyova güvənmişdik. Amma onlar olmayanda həqiqətən də lider kimi Leroy Mikels özünü doğruldurdu. Leroy olmayanda isə Rafael Məhərrəmliyə güvənirik. Əsasən lider olaraq bunu seçirik. Bu gün yerlilərimizin çoxu gənclərdir.
– İkinci hissədə 4-5 qol epizodunu qaçırdınız. Hardasa belə hissə qapıldınız ki, qələbəni əldən verəcəyik?
– Bəli, narahatlıq oldu. Ona görə də heyətdən daha çox konsentrasiya tələb etdik və arxaya oturmalarına qoymadıq. Qışdan sonra ən çox epizoda girən komandalardanıq. Bunları dəyərləndirmək lazımdır.
– Növbəti turda “Sabah”la qarşılaşacaqsınız. Mikelsin oynamaq imkanı var?
– Həqiqətən də Mikels ağır zədədən keçdi. Konkret oynayıb-oynamayacağı bilinmir. Onun zədəsi ilk dəfə “Sabah”la yoldaşlıq matçında olmuşdu. Daha sonra həm “Neftçi”, həm də “Zirə” ilə matçda ayağındakı sümükdən yenə zədələndi. Buna görə də ödəv əmələ gəlib həmin nahiyədə və müalicə olunur.