
AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev Yevlax şəhər stadionu, stadionun ərazisində tikilmiş baza, həmçinin “Karvan” klubunun əvvəlki bazası, məşq meydançaları ilə tanış olublar.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Karvan” klubunun nümayəndələri stadionun durumu, eləcə də, bazada görülən işlər barəsində onlara məlumat veriblər.
Yevlax şəhər stadionunun ərazisində tikilən iki mərtəbədən ibarət yeni bazada 29 otaq mövcuddur. Bundan başqa, bazada inzibati otaqlar, konfrans və trenajor zalı var.
Qeyd edək ki, hazırda I Liqada mübarizə aparan "Karvan" komandası ev oyunlarını Yevlax şəhər stadionunda keçirir. Klub 19 oyundan 35 xalla 2-ci pillədə yer alıb və Premyer Liqaya vəsiqə qazanmağa real namizədlərdəndir.