
“Əvəz edilənlər əsasən, milli komandadan gələn futbolçular idi. Uzaq yol gəliblər. Onların 90 dəqiqə meydanda olmaları mümkün deyildi. Matça sonradan daxil olsalar da, öz işlərini gördülər”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXVIII turunda evdə “Sabah”la 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis gərgin keçən qarşılaşmanın nəticəsini qənaətbəxş hesab edib: “Çox yaxşı oyun alındı. Xüsusilə azarkeşlər üçün. İki fərqli hissə izlədik. Hər iki komanda qalib gəlməyə çox yaxın oldu. Bu gün ədalətli nəticə heç-heçə idi”.
Cavadov 11 oyun ardıcıl qol vura bilməyən komandasının son 3 matçda 8 dəfə fəqlənməsini belə izah edib: "Böyük dəyişiklik etmədik. Sadəcə, futbolçularda özünəinam artdı. Yaratdığımız qol epizodlarından dəqiq istifadə edərək, qollar vurduq. Komandama təşəkkür edirəm. Biz oyunda 2:1 hesabı ilə öndə olduğumuz vaxt rəqib ustalıq səviyyəsi hesabına qollar vurdu. İkinci oyundur ki, məğlub durumdan geridönüş edirik. Bu gün heç-heçə oynadıq, amma “Turan Tovuz”la matçda məğlub vəziyyətdən qələbəyə nail olduq. Futbolçularımız "Sabah"a uduzmaq istəmirdilər, bunun da nəticəsini gördülər”.
Baş məşqçi, 3 top buraxmasına rəğmən, qapıçı Mehdi Cənnətovun çıxışından narazı qalmadığını qeyd edib: “Cənnətov təhlükəli epizodlarda komandanı xilas etdi. Mehdiyə, həm də digər futbolçularıma təşəkkür edirəm. Bu istək, komanda ruhu çox önəmlidir. İnanıram ki, növbəti oyunlarda da bunu görəcəyik”.