
Tofiq Bəhramov adına Respublika stadionu mayda təmirə bağlanacaq.
Bu barədə Sportnet.az arenadan icarə əsasında yararlanan “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi qarşıdakı iki ay müddətində ölkənin ən böyük stadionunun bağlanmasının səbəbinin belə izah edib: “Hər il avrokubok oyunlarından əvvəl “Tofiq Bəhramov”da müəyyən işlər görülür. İyulda avrokubok mövsümü başlayır. Ona qədər meydança, yəni ot örtüyü daha ideal vəziyyətə gətiriləcək”.
Hacıyev Ağdam klubunun növbəti aydan etibarən ev oyunlarını "Azersun Arena"da keçirəcəyini bildirib: “Azersun Arena” təmirə bağlanıb, orada işlər gedir. Aprelin sonuna qədər stadion hazır olacaq.
May ayından artıq ev oyunlarımızı orada keçirə biləcəyik. Avrokubok oyunlarımız daha çox Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Çempionat oyunlarımızı orada da keçirməyimizin səbəbi azarkeşlərlə kompakt şəkildə, daim bir stadionda olmaqdır. Oranın seçilməsi daimi Tofiq Bəhramov adına stadionunun atmosferinə uyğunlaşmaq məqsədi güdür. Buna görə də oyunlarımızı bu mövsüm orada keçirdik”.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm sonuncu dəfə IX turun sentyabrın 29-da “Sabah”la oyununu “Azersun Arena”da keçirib. “Köhlən atlar” o zamandan ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.