
Avropa çempionatının əsas mərhələsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisi Helsinqborq Arenada son məşqini keçirdi.
Sportnet.az xəbər verir ki, standart vəziyyətlər üzərində işləyən komandanın baş məşqçisi Vitali Borisov durumla bağlı azfutzal.az-a açıqlama verib.
“İsveçdə iki məşq keçirdik. Həm taktiki planda çalışmalar etdik, həm də bu məşqlər zalın örtüyünə uyğunlaşmaq baxımından əhəmiyyətli idi. Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar sona qədər mübarizə aparacaqlar" deyən Borisov bunları əlavə edib: Qrupdan çıxmaq baxımından şansımız qalmasa da, reytin xalları və ilk qələbəmizi qazanmaq üçün “döyüşəcəyik”. Bir növ bu matç bizim üçün nüfuz oyunudur. Əlbəttə, bura tam heyətlə gələ bilmədik. Çünki zədəli futzalçılarımız oldu. Onların yoxluğuna rəğmən, çalışacağıq buradan sərfəli nəticə ilə dönək və Bakıda Xorvatiyaya qarşı yaxşı oyun keçirək. Futzalçılarımız onlara verilən tapşırıqları düzgün icra edə bilsələr, istədiyimizi əldə edəcəyik”.
Qeyd edək ki, Helsinqborq Arenada keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.