
“Əlbəttə, hamı çempion olmaq istəyir. Bu, bizim də arzumuzdur. Amma rəqiblər barədə düşünmür, üzərimizə düşəni edirik. Çempionluğu erkən təmin etsək belə, sona qədər matçlara ciddi yanaşacağıq”.
Bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Sportnet.az-a açıqlamasında deyib.
25 yaşlı portuqaliyalı yarımmüdafiəçi derbidən daha böyük hesabla ayrılmaq fürsətini boşa verdiklərini bildirib: “Komandamız yaxşı performans sərgilədi.
Düşünürəm ki, daha üstün oynadıq. Qol vurmaq üçün xeyli imkanımız var idi. Matçı daha böyük hesabla yekunlaşdıra bilərdik. Dördüncü qolu vurmağa bir neçə dəfə yaxın olduq. Lakin şanslarımızı boşa verdik.
İstənilən halda qələbə qazandıq və buna görə xoşbəxtik. Artıq növbəti matçları düşünməliyik”.
Andrade aprelin 23-də Tofiq Bəhramov adına Respublika stadionunda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünə ciddi hazırlaşacaqlarını vurğulayıb: “Təbii ki, cavab oyununda qalib gəlmək istəyirik. Motivasiyamız yüksəkdir. İlk matçda 0:1 hesabı ilə uduzmuşuq. “Araz-Naxçıvan” güclü rəqibdir.
Bununla belə, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz finala yüksəlməkdir. Mövsümün sonunda kuboku biz üazanmaq istəyirik”.
Qeyd edək ki, “Qarabağ” - "Araz-Naxçıvan” qarşılaşması saat 17:00-da start götürəcək.