
“Biz heç vaxt istəyimizdən əl çəkmirik. Güclü olmalı və çempionat oyunları üçün daha da hazırlıqlı olmalıyıq".
Bunu "Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Azərbaycan Kubokunun 1/2 final mərhələsində səfərdə “Qarabağ”a 0:3 hesablı məğlub olduqları cavab oyunundan sonra sportnet.az-a açıqlamasında deyib.
Moldovalı qolkiper matçın komandası üçün yaxşı keçmədiyini bildirib: "Uduzduq, bir neçə epizod oldu, amma yararlana bilmədik. İlk hissədə rəqibə imkan vermədik. İkinci hissənin sonlarında isə müqavimətimizi qırdılar və bundan sonra ardıcıl qollar vurdular. Üzgünük, finala yüksələ bilmədik”.
31 yaşlı qapıçı Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Səbail”ə qarşı keçirəcəkləri oyuna hazırlıqlardan da danışıb: “Sabahkı oyuna yaxşı hazırlaşırıq. Onlar elitada qalmaq üçün mübarizə aparırlar. Ancaq ümid edirəm, biz yaxşı nəticə əldə edəcəyik. Qazanılan hər hər bizə çox vacibdir. Bu oyun üçün motivasiyamız yüksəkdir. İnanıram, səfərdən qələbə ilə dönəcəyik və çempionat bizim üçün daha yaxşı sonluqla bitəcək”.
Qeyd edək ki, "Səbail” - “Araz-Naxçıvan” görüşü aprelin 27-də keçiriləcək. “ASCO Arena”da baş tutacaq görüş saat 17:30-da start götürəcək.