
Bu gün Türkiyə Super Liqasının XXXIV turunda “Fənərbağça” ilə əzəli rəqibi “Beşiktaş” arasında mövsümün son derbisi keçiriləcək.
Sportnet.az xəbər verir ki, İstanbuldakı "Ülker" stadionunda Bakı vaxtı ilə saat 20:00-da başlanacaq qarşılaşmanı baş hakim Yasin Kol idarə edəcək.
Hazırda lider “Qalatasaray”dan 8 xal geridə qalan “Fənərbağça”nın 75, 4-cü pillədə qərarlaşan “Beşiktaş”ın isə 52 xalı var.
Meydan sahibləri derbidə 4 futbolçusunun xidmətindən məhrum olacaq. Sarı vərəqə cəzalısı Filip Kostiçlə yanaşı, zədəli olan Mert Hakan Yandaş, Sofyan Amrabat və Allan Sen-Maksimenin də heyətdə yer almayacağı açıqlanıb. Bundan əlavə, müalicəsini başa vuran Mert Müldürün meydana çıxıb-çıxmayacağına oyun saatında qərar veriləcək.
"Beşiktaş"ın zədəli müdafiəçiləri Emirhan Topçu və Qabriel Paulistanın, eləcə də bu həftə məşqə başlayan Feliks Uduoxayın derbidə çıxış edib-etməyəcəyi ilə bağlı həkimlər heyəti görüşdən əvvəl qərar verəcək. Necip Uysalın derbidə oynaması gözlənilmir. Uzun müddətdir komandadan uzaq olan Bəxtiyor Zaynutdinov, həmçinin müalicəsi davam edən Elan Rikardo və Ernest Muçi derbidə komandasına kömək edə bilməyəcək.
"Ağ-qaralar"ın norveçli baş məşqçisi Ole Qunnar Sulşer ilk derbi sınağını "Fənərbağça"ya qarşı keçirəcək.
Yanvarın 19-da “Beşiktaş”ın “sükanı arxası”na keçən 52 yaşlı mütəxəssis Türkiyə karyerasındakı ilk derbidə “Qalatasaray”a 2:1 hesablı qələbənin sevincini yaşayıb. Təcrübəli baş məşqçi “Fənərbağça”nı səfərdə məğlub edərək, derbilərdə ikinci qalibiyyətini əldə etməyi hədəfləyir. Super Liqanın XV turunda keçirilən derbi matçında “qara-ağlılar” 1:0 hesabı ilə qalib gəlib.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Super Liqada ilk derbi qələbəsini əldə etməyi hədəfləyir.
Dünyaca məşhur portuqaliyalı baş məşqçi bu mövsüm "Qalatasaray"la 3 (Super Liqada 2, kubokda 1), "Beşiktaş"la isə 1 oyun keçirsə də, bunların heç birində qalib gələ bilməyib.
“Beşiktaş" "Fənərbağça" ilə səfərdə keçirdiyi son 5 derbi matçın 3-də meydanı xalla tərk edib.
“Qara-ağlar” 2019/2020 mövsümündən bu yana Kadıköydə keçirdiyi 5 matçda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət alıb.
“Qara qartallar” sözügedən dövrdə "Ülkər" stadionunda 12 qol buraxıb, rəqiblər də eyni sayda qol vurub.