
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun baş sponsoru "Azersun Holding"in rəhbərliyindəki dəyişikliyin komandaya mümkün təsirini şərh edib.
Sportnet.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis bu barədə klubun direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərovun açıqlama verməsini daha məqsədəuyğun sayıb.
Bununla yanaşı, Qurbanov şirkət rəhbərliyinin "Qarabağ" üçün daim ən yaxşısını etməyə çalışacağını vurğulayıb: "Mənim bildiyim rəhbərlik, hər hansı dəyişikliyə baxmayaraq, yalnız daha yaxşısını etmək haqqında düşünür.
Allah Abdulbari Gözələ rəhmət eləsin. Onun bir sözünü həmişə təkrar etmişəm: "Heydər Əliyevə söz vermişəm ki, Qarabağ adını və "Qarabağ" klubunu Avropada daim yaxşı səviyyədə tanısınlar. Ona görə də bünövrə elə qurulub ki, bu klub həmişə yaşayacaq və "Azersun Holdinq" rəhbərliyi "Qarabağ"ı yaşatmaq üçün daim ən yaxşısını etməyə çalışacaq".
Qeyd edək ki, dünyasını dəyişmiş Abdolbari Gözəlin oğlu Əhməd Gözəl "Azersun Holding"in yeni rəhbəri olub.