
"Çalışırıq ki, sakit olaq, məşqlərə, oyunlara futbolçuları hazırlayaq və bacardığımız qədər oynayaq. Çünki bu mövsüm bizim üçün qatar gedib. Xüsusən, ona görə ki, mən danışandan sonra vallar başqa səmtə çönə bilər və bundan istifadə edərlər. Bu, birinci, ikinci deyil, mütəmadi sıralanan səhvlərdir ki, əziyyətini çəkirik, qollar vurmuruq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis qapıçı Rza Cəfərovun çıxışından narazılığını gizlətməyib: "Nadir hallarda birinci hissədə dominant futbol oynayırıq. Bu gün isə rəqibin cərimə meydançası yaxınlığında və içərisində 10-15 dəfə olduq. Hətta arxa xətt oyunçularımız Azər Salahlı və Yuri Matias ora qədər gəlib çıxmışdılar. Qarşılığında qapıçı bir dəfə də reaksiya verib top çıxarmırsa, bu, bizə məlum olan problemlərin harada olduğunun sübutudur. Hər hava ilə ötürülən top gəlib qapında təhlükəli vəziyyətlə bitirsə... Biz bu tərəfini də bilirik".
Abasov son 3 turdan gözləntilərini açıqlayıb: "Yenə də futbolçuları kökləyəcəyik. Adımıza layiq də deyə bilmirəm, çünki adımıza layiq bir şeylər də etmirik, hər halda çalışacağıq ki, oyunlardan maksimum nəticələrlə ayrılaq. Xoş tərəfi odur ki, son iki oyunda geridə olduğumuz halda, hesabı bərabərləşdirir, sonadək oynayırıq. Bunu hamı etmir, amma məsələn, Bassala Sambu bu gün "özünü öldürürdü", digər futbolçulardan da elələri var idi ki, uduzmamaq prioritetləri idi, ortaya xarakter qoymaq istəyirdilər. Onların ətrafında komanda qursaq, bunu qazanmış olarıq".
O, gələn mövsüm komandaya istədiyi oyunçuları almaq üçün lazımi büdcənin ayrılıb-ayrılmayacağı barədə danışmağın tez olduğunu açıqlayıb: "Mənə bilmədiyim şey haqqında sual verirsiniz. Gəlib gördüm ki, komanda yığılıb, əlimizdə futbolçular var. Biz daim gələn mövsümün planlarını müzakirə edirik. Sonluq olaraq da gördüyümüz işlərə dair raport verəcəyik. Nələri yaxşılaşdıra biləcəyimiz barədə özünüz dəfələrlə danışmısınız. Hamı da bunu anlayır. Amma büdcənin nə qədər olub-olmayacağını bilmirəm. Bilmədiyim şey haqqında hansı cavabı verim? Əlbəttə, proqramımız var. 100 faiz əmin ola bilərsiniz ki, rəhbərliklə bizim fikirlərimiz üst-üstə düşür. Biz onları, onlar bizi anlayırlar. Bizdə baş verən prosesin ən yaxşı tərəfi odur ki, hamının bildiyi problemlərdir. Tənqidlər isə hətta çempion olduğumuz 2020/2021 mövsümündə də var idi. Bunları normal qəbul edirik. Jurnalistlər, azarkeşlər, mütəxəssislərin bu vəziyyəti anlamaları mənim üçün çox önəmlidir, onlara təşəkkür edirəm".
Abasov Emin Mahmudova kapitan sarğısını qaytarmamasını səbəbini belə izah edib: "Buna qaytara bilməmək deməzdim. Qaytara bilməmək o halda olur ki, kimsə səni məcbur edir, amma bacarmırsan. bu sualı tanıdığınız adama verirsinizsə, deməli, məni yaxşı tanımırsınız. Belə bir şey olarmı? Sadəcə, yeni gəldiyim vaxt kapitanlıq məsələsi həddindən artıq şişirdilmişdi. Emin Mahmudov - Ramil Şeydayev söhbəti o qədər şişmişdi ki, özümün və futbolçuların fikrini-zikrini meydana yönəltmək üçün kapitanlığı Rza Cəfərova verməyi qərara aldım. Bununla da heç kimin üzərinə təzyiqin düşməməsini istədim. Mahmudov bu mövsüm həddindən artıq əziyyət çəkdi. Qış fasiləsindən sonra iki ayadək meydanda yox idi. Bir oyunda çıxış edirdi, digərində yox. Mütəmadi zədələr daim meydanda gördüyümüz Eminin oynamamağına səbəb oldu. Mahmudovun hələ "Neftçi" ilə bir il də müqaviləsi var. Bu isə o deməkdir ki, hələlik bizimlədir. Amma mövsüm bitəndən sonra bizim də qərarlarımız olacaq. Bu, o demək deyil ki, müqaviləsi olan futbolçu hökmən burada qalmalıdır. Çalışacağıq ki, kimlərləsə danışaq, belə məsələləri yoluna qoyaq. Futbolçuların fikirlərinin də bizimlə üst-üstə düşəcəyinə inanırıq. Düşünürəm ki, həm müqaviləsi olan futbolçular, həm də bizim xeyrimizə olan qərarlar qəbul olunacaq".
Baş məşqçi yenidən hakimlik mövzusuna toxunub: "Onların komandamıza qarşı münasibəti sırf qərəzdən irəli gəlmir. "Neftçi"dən, futbolçulardan və məndən zəhləsi getdiyini deyən hakim yoxdur. Verilən qərarların düzgün olmamasının əziyyətini şəxsən özüm gördüm. Bassala Sambunun Azərbaycan Kubokunun yarımfinal oyunlarında olmamasını nəzərdə tuturam. Ötən tur "Sumqayıt"la qarşılaşmada elə, bu gün də belə. Düzdür, VAR hakimi dedi ki, qayda var, iki ayaqla rəqib oyunçunun ayağına gedirsənsə, bu, qırmızı vərəqədir. Amma gördüyüm qədərilə, Elvin Camalovun ayağı topa getdi, rəqib futbolçuya ümumiyyətlə dəymədi. Məsələ burasındadır ki, "Neftçi" barədə hər zaman həddindən artıq danışılır. Bu isə komandamızın gündəmdə olması deməkdir. Ola bilsin, səbəbi nəticələrimizdir. Bunlara mən haqq qazandırıram. Sadəcə, istədiyim budur ki, düşdüyümüz situasiya heç kimə bu rahatlığı verməsin. Bu, təhdid deyil, amma sonu yaxşı qurtarmayacaq. Bir gün lazımi insanlar da masaya əlini vuracaq. Ondan sonra necə olacaqsa, Allah qorusun. Barəmizdə danışılanlar "Neftçi"ni əzməyə səbəb vermir. Daimi netativ fikirlərə reaksiya göstərmiriksə, buna səbəb var. Səbəb isə oyunlar sarıdan başımızın aşağı olmasıdır. İki mövsümdür avrokuboklara vəsiqə qazana bilmirik. Lakin bunlar heç kimə səbəb vermir ki, "Neftçi"ni əllərində vasitə etsinlər. Kimlərəsə xoş gəlmək, kimlərinsə simpatiyasını qazanmaqdan söhbət gedir. Belə şeylər davam etməyəcək. Gəlin, nə varsa, onu edək. "Neftçi"nin nəticələri isə mənimlə və ya mənsiz yaxşı olacaq. Bir gün "Neftçi" də özünə gələcək və bu, tezliklə baş verəcək. Belə şeylər heç də xoş deyil. Ən azından, bu, Azərbaycan komandasıdır. Son illər nəticələrimiz çox pis olsa da, Azərbaycan futbolu deyilirsə, başda "Neftçi"dir".