
SSRİ və Rusiya yığmasının sabiq futbolçusu Aleksandr Mostovoy "Krasnodar"ın baş məşqçisi Murad Musayevi "futbol adamı" hesab etmir.
Sportnet.az xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi bu barədə "Sport Ekspress"ə müsahibəsində deyib.
"Birinci pillədə "Krasnodar"dır, Murad Musayev yox. Meydanda oynayan futbolçulardır, Musayev yox. O, heç vaxt bu futbolu oynamayıb. "Krasnodar" çempion olsa, Musayevlə bağlı fikrim dəyişəcəkmi? O, çox güman ki, çempion olacaq.Amma fikrim dəyişməyəcək.
Çoxları Musayevi tanımır. Agentlərdən biri demişdi ki, Musayev əvvəllər bazada topdaşıyan olub. Belə adamlar bizim kimi futbol adamlarının yerini tuturlar. Mənə cavab verin: Bizim futbolda Musayev kimdir? Hansı komandada oynayıb və hara qol vurub?", - deyə 57 yaşlı veteran futbolçu bildirib.
Qeyd edək ki, "Krasnodar" 61 xalla Rusiya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci pillədə qərarlaşan "Zenit"i 7 xal qabaqlayır. Sankt-Peterburq təmsilçisinin aktivində daha bir oyun var.
Xatırladaq ki, Murad Musayev 2021-ci il oktyabrın 30-dan 2024-cü il yanvarın 30-dək "Sabah" klubunun baş məşqçisi olub. Onun rəhbərliyi altında klub 2022/2023 mövsümünü gümüş medalla başa vurub.