
"Çempionlar Liqasının finalında azərbaycanlı futbolçunun oynadığını görməyə ömrümüz yetəcək, amma bəzi şeylər aradan qaldırılsa".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Çempionlar Liqasının həlledici qarşılaşmasına vəsiqə qazanan İtaliyanın "İnter" və Fransanın PSJ komandalarının heyətində Azərbaycandan başqa bütün qonşu ölkələrin futbolçularının yer almalarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan milli komandaları arasında ən böyük uğura U-19 yığması 2018-2019 mövsümündə Avropa çempionatının elit-raunduna vəsiqə qazanmaqla imza atıb: "Həmin vaxt Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv ilkin mərhələdə Gürcüstan yığmasına səfərdə 2:1 hesabı ilə qalib gəldiyi vaxt rəqibin heyətindəki futbolçulardan biri Xviça Kvaratsxeliya idi. Azərbaycan millisinin qollarından birini Toral Bayramov vurmuşdu.
İndi Kvaratsxeliya haradadır, biz harada"?
Sadıqov Azərbaycanda futbolçu olmaması fikri ilə razılaşmayıb: "Bu gün kim deyirsə, bizdə futbolçu yoxdur, o, Azərbaycan futbolunun düşmənidir.
Biz qolumuzu çırmalayıb, yaxşı işlər görsək, 5-10 ilə istedadlı futbolçular ortaya çıxacaq. Hazırda Xəyal Əliyev, Nəriman Axundzadə, Musa Qurbanlı və s. ortaya çıxıb. Bizdə düzgün iş görülsə, istedadlı futtbolçu sayımız qonşu ölkələrdən çox olar. Düzgün iş aparılması da o zaman olacaq ki, futbolçu gedib nə yeyəcəyəm, nə içəcəyəm və s. dərdi çəkməsin. Bu gün 50 istedadlı futbolçu adı çəkmək olar. Amma onları yetişdirib üzə çıxarmaq lazımdır".