
“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIV turunda evdə “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edərək xal ehtiyatını 83-ə çatdırdı. Onsuz da ötən turlarda çempionluğu təmin etmiş Qurban Qurbanovun kollektivi ikinci yerdə qərarlaşan "Zirə" ilə xal fərqini 13-ə çatdırdı. Həmçinin, Ağdam təmsilçisi ardıcıl 13 turdur ki, məğlubiyyətsiz seriya yaxalayıb.
“Köhlən atlar”ın və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov Sportnet.az-a müsahibə verib. 30 yaşlı futbolçu həm qarşıdakı planlar, həm də fiziki durumundan danışıb:
- “Araz-Naxçıvan”la oyunu necə dəyərləndirərdiniz?
- Gözlənildiyi kimi, çətin və gərgin oyun keçdi. Bilirdik ki, bizi “Araz-Naxçıvan”la mübarizəli matç gözləyir. Rəqibimizin çox yaxşı kollektivi var. Ağır oyun olmasına baxmayaraq, sonda qələbə qazandıq.
- Bu yaxınlarda iki ay sürən zədədən qayıtdınız. Fiziki durumunuz necədir: tam formanızı bərpa etmisiniz?
- Özümü yaxşı hiss edirəm. Düzdür, uzunmüddətli zədədən sonra demək olar, iki ay oynamadım. Müsbət haldır ki, “Sabah” və “Araz-Naxçıvan”a qarşı 90 dəqiqə meydanda oldum. Hazırda özümü yaxşı hiss edirəm, ağrı yoxdur, hər şey qaydasındadır. Ümid edirəm ki, növbəti oyunlarda da start heyətdə oynayacaq və özümü ən yaxşı tərəfdən göstərəcəyəm.
- Azərbaycan Kubokunun finalına necə hazırlaşırsınız?
- Təbii ki, kuboku qazanmağı hədəfləyirik. Məqsədimiz mövsümün sonunda “qızıl dubl” etməkdir. “Sabah”a qarşı yaxşı çıxış edərək hədəfimizə çatmağa çalışacağıq.
- ”Qarabağ” ötən mövsüm çempionluğu daha erkən təmin etdiyindən, bir qədər arxayınlaşdığı üçün məğlubiyyətlər alırdı. Bu il isə tam əksinə, mövsümün əvvəlindəki eyni istək və həvəsi görürük. Bu, nədən irəli gəlir?
- Baş məşqçimiz Qurban Qurbanov hər dəfə bizə deyir ki, fərqi yoxdur, çempion oldun və ya olmadın, hər bir oyuna son qarşılaşma kimi yanaşmaq, final matçı kimi çıxıb oynamaq lazımdır. Düşünürəm ki, bu, baş məşqçimizin motivasiyasından irəli gəlir. Ondan da əlavə, məşqlərimizi, hər şeyi Qurban Qurbanov idarə edir. İşi elə qurub ki, bir oyunçu boşluq yarada bilməz. Fikrimcə, ən doğrusu da budur. Bir idmançı da qələbə qazanıb arxayınlaşdısa, bu, düzgün deyil. Əksinə, hər bir idmançı qələbə qazandıqdan sonra öz üzərində daha da işləməlidir ki, bu da onun xarakter borcudur.
- Çempionlar Liqası yaxınlaşır. Azarkeşlər daha yüksək nəticələr istəyir, qrupa düşmək gözləntisi var. Bu, məsuliyyəti bir qədər də artırırmı?
- Çempionlar Liqasına indidən hazırlaşırıq. Çempionatda hər bir komandanın öz keyfiyyəti, layiqli futbolçuları var. Amma ora tam başqa səviyyədir. Əsla öz komandalarımızı aşağılamıram. Bizi orada çətin oyunlar gözləyir. Fikrimcə, növbəti mövsüm ən yaxşı illərimizdən biri olacaq. İnanıram ki, çıxışımızla Azərbaycan adını daha böyük zirvələrə daşıyacağıq.
-Çempionlar Liqasına II təsnifat mərhələsindan başlayacaqsınız. Bu, stimulu bir qədər də yüksəldirmi?
- Fərqi yoxdur, I və ya II təsnifat mərhələsi olsun, öz işimizi görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək, özümüzü yaxşı tərəfdən göstərərək, yeni uğurlara imza ataq və xalqımızı sevindirək.