
Tarixində ilk dəfə İran çempionu olan Cənubi Azərbaycanın “Traktor” klubunda fərqlənən futbolçular müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Təbriz təmsilçisinin heyətində mayın 15-də bitən mövsümdə ən çox qol vuran futbolçu Əmirhüseyn Hüseynzadədir.
25 yaşlı yarımmüdafiəçi Pro Liqada keçirdiyi 28 oyunda 14 qol vuraraq həm klubunun, həm də çempionatın bombardiri olub.
“Qızıl qurdlar”ın heyətində ən çox məhsuldar ötürmə edən futbolçu isə Mehdi Torabi olub. O, 9 qolun ötürməsini verərək “Sepahan”ın üzvü Mohəmmədmehdi Mohebi ilə birlikdə liqanın ən yaxşısı adını əldə edib.
"Traktor"un digər futbolçusu Mehdi Həşimnejad 8 məhsuldar ötürmə ilə liqanın ən yaxşı assistentləri arasında ikinci yeri tutub. O, həmçinin 8 qolla bombardirlər siyahısında 6-cı sırada qərarlaşıb. Həşimnejadla yanaşı "Traktor"un iki xorvatiyalı hücumçusu - Domaqoy Drozdeklə Tomislav Ştrkal da rəqib qapısından 8 top keçirib.
2023/2024 mövsümündə 11 məhsuldar ötürmə ilə bu göstəricidə ən yaxşı olan Rikardu Alveş isə çempionluq mövsümündə cəmi 4 qolun ötürməsini verib.
Qeyd edək ki, “Traktor” İran Pro Liqasının sonuncu - XXX turunda “İstiqlal Hüzestan”ı səfərdə 3:1 hesabı ilə məğlub edib.