
“Qəbələ” futbol klubunun baş məşqçisi Kaxaber Tsxadadze Gürcüstan və “Barselona” əfsanələrinin oyununda zədələnib.
Sportnet.az-ın məlumatına görə, 57 yaşlı gürcü mütəxəssis ayağında yaranan ciddi narahatlıq səbəbindən matçı erkən tərk etmək məcburiyyətində qalıb.
Tsxadadze qolundakı kapitanlıq sarğısını komanda yoldaşı Kaxa Kaladzeyə təhvil verərək həkimlərin köməyi ilə çətinliklə də olsa, meydanı tərk edib.
Təcrübəli mütəxəssis Teleqraf-a açıqlamasında azacıq ağrılarının olduğunu bildirib: "Qocalıq - sevinc deyil (gülür - red.). Futbolçu üçün ciddi zədədir, baş məşqçi üçün isə yox".
Qeyd edək ki, Tiblisidə keçirilmiş və CBC Sport telekanalının canlı yayımladığı matç “Barselona” əfsanələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.