"Əlbəttə, çox sevincliyəm. "Qarabağ"sevərləri təbrik edirəm. 12-ci çempionluğu qazandıq. Bu, böyük uğurdur. Daha 3 dəfə də əldə edərək, 3 ulduzu qazanmaq istəyirik".

 

Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl komandanın mükafatlandırma mərasimindən sonra deyib.

 

Klub rəhbəri möhtəşəm bayram sevinci yaşadıqlarını bildirib: "Klubumuzu təbrik edirəm, burada çox gözəl ab-hava yaratdılar. Gənclər və İdman Nazirliyimiz bu led işıqları bizə verdi. Sağ olsunlar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. Məncə, "Qarabağ"sevərləri, Azərbaycanı sevindirdik".

 

T.Gözəl artıq Avropada yolumuza davam edəcəklərini və hədəflərinin dəyişməyəcəyini vurğulayıb: "Gələn il komanda sayı daha da artacaq. Məncə, futbolun keyfiyyəti ildən-ilə düzəlir, yüksəlir. Çempionlar Liqasına gəlincə, UEFA-nın verəcəyi qərardan asılı olaraq, mübarizəyə ya I, ya da II təsnifat mərhələsindən başlayacağıq. Bura gəlməyimizin özü də "Qarabağ"ın səviyyə göstəricisidir. "Qarabağ" 32000 xalla Avropanın orta səviyyəli klubları sırasındadır. Bu, hamımız üçün böyük qürur qaynağıdır. Əlbəttə, daha da inkişaf etməyə çalışacağıq".

 

O, 5 ildən sonra Konfrans Liqasının Kubokunu Azərbaycana gətirmək ideyasına belə cavab verib: "Təki qismət olsun. Hədəfimiz budur, bundan ötrü işləməliyik. Əsas mənə ümid verən gənc futbolçularımızın oyunlara çıxmalarıdır. Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Bunların hamısı aşağı yaş qrupundan gələn futbolçularımızdır. Onlar kuboku Azərbaycana gətirəcək".

 

"Qarabağ"ın prezidenti bu mövsüm də "qızıl dubl" etməyə çalışacaqlarını diqqətə çatdırıb: "Azərbaycan Kubokunun finalında rəqibimiz "Sabah"dır, böyük klubdur. Mənim bu komandaya xüsusi ehtiramım var. Doğrudan da futbolun kökündən gələn insanlardır. Hər iki kluba uğurlar arzulayıram. Hər ikisi bizimdir, hər ikisi də layiqdir. Bəli, "Zirə" və "Turan Tovuz" "Qarabağ"a azarkeşlik edəcəklər. "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mənim canımdır, bizə yaxındır. Hamısı bizim övladlarımız, bizim klublarımızdır və hamısına uğurlar arzulayıram".

 

Haşım MƏMMƏDOV