
“Yaxşı matç keçirdik. Çətin olsa da, qalib gəldik. 3 xalı gözəl oyunla əldə etdik”.
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un futbolçusu Emmanuel Hakman Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
30-cu dəqiqədə yeganə qolu vuran 30 yaşlı müdafiəçi qələbə sayəsində dördüncü yeri təmin etdiklərini, lakin arxayınlaşmadıqlarını söyləyib: "Çempionat hələ bitməyib. Qarşıda daha bir matçımız var. “Kəpəz”lə görüşdə də qələbə qazanaraq azarkeşlərimizi sevindirmək istəyirik”.
Kapitan Azərbaycan Kubokunun finalında "Qarabağ"ın "Sabah"a qalib gəlməsini istədiyini bildirib: "Yalnız bu halda Konfrans Liqasına yollana bilərik. İnanırıq ki, belə də olacaq”.
Toqo millisinin üzvü cari mövsümü dəyərləndirib: “Məncə, bundan artığına da nail ola bilərdik. Təəssüf ki, müəyyən səbəblər istəyimizə mane oldu. Xüsusən də aparıcı futbolçularımızın zədələnməsini qeyd etmək olar”.
Hakman "Turan Tovuz"la müqaviləsinin yayda başa çatacağını deyib: “İndidən gələcəklə bağlı dəqiq fikir bildirməkdə çətinlik çəkirəm. Əlbəttə, mən komandada qalmaq istəyirəm. “Turan Tovuz”dakı durum məni qane edir”.