
"UEFA Avropa Liqasında uğursuz mövsüm keçirdik. Çalışacağıq ki, qarşıdakı mövsümdə yeni tarix yazaq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan Premyer Liqasının XXXV turunda evdə “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
24 yaşlı müdafiəçi cari mövsümü dəyərləndirib: "Premyer Liqada və Azərbaycan Kubokunda bizim üçün hər şey yaxşı irəlilədi. Çempionatda birinciliyimizi rəsmiləşdirdik, kubokun da finalındayıq. "Sabah"la həlledici oyunda hər hansı komandanın avrokuboklarda irəliləməsini və ya əksini düşünmürük. Sadəcə olaraq, kuboku qazanaraq "qızıl dubl" etmək istəyirik".
Bayramov UEFA Çempionlar Liqası barədə də düşünmədiklərini söyləyib: "Hələ qarşıda Premyer Liqanın bir oyunu və kubokun final matçı var. Daha sonra milli komandanın yoldaşlıq görüşləri olacaq. Yalnız bundan sonra Çempionlar Liqası barədə düşünmək olar".
"Qarabağ"ın üzvü cari mövsümün əvvəkilərlə müqayisədə onlar üçün çətin keçdiyini bildirib: "Düşünürəm ki, bu mövsüm rahat keçmədi. Çünki əvvəlki illərlə nəzər salanda daha çox xal itirdik. Məncə, bu mövsüm maraqlı keçdi".
O, avrokubokların qrup mərhələsindən liqa sisteminə keçiddə fərq olmadığını söyləyib: "Dəyişən bir şey yoxdur. Sadəcə, oyunların sayı çoxalıb. Premyer Liqadakı ağır oyunların say çoxluğu bizim üçün Avropada faydalı olur".