
“Neftçi” komandası Azərbaycan Premyer Liqasının XXXVI turunda evdə “Səbail”i 3:0 hesabı ilə darmadağın edib.
"Ağ-qaralar"ın qapıçısı Emil Balayev matçdan sonra Sportnet.az-a müsahibə verib.
- “Səbail” üzərində qazanılan qələbə ilə bağlı fikirləriniz necədir?
- Mövsüm sona yaxınlaşır. Hamımız mövsümün sonunda 5-6-cı yerlərdən birində olacağımızı başa düşürük. Buna baxmayaraq, hansı klubda oynadığımızı da anlayır, bu məsuliyyəti dərk edirik. Uşaqların hamısı sağ olsun, 90 dəqiqə boyunca çalışırdılar ki, nizam-intizamı qoruyaq. Yaxşı ki, istəyimizə çatdıq və qələbə qazandıq.
- 5 və ya 6-cı yerin arasında fərq var?
- Təbii ki, qlobal bir fərq yoxdur. “Neftçi”nin adı, tarixi ən yüksəklərdə olmağa layiqdir. 5-6-cı yerlər formal xarakter daşıyır.
- Mövsümün son turunda “Sabah”la qarşılaşacaqsınız. Azərbaycan Kubokunun yarımfinalındakı məğlubiyyətin revanşı kimi bu oyunda qələbə qazanıb turnir cədvəlində onları keçmək istəyirsiniz?
- Artıq bizim üçün turnir cədvəli baxımından mövsüm bitib. Buna baxmayaraq, biz məsuliyyətimizi dərk edirik. Heyətimizdəki itkilərə baxmayaraq, ilk növbədə, “Neftçi”nin adına layiq oyun göstərməyə çalışırıq. Bəzən baş məşqçimiz Samir Abasov məcburiyyətdən yarımmüdafiəçini mərkəz müdafiəçisi mövqeyində oynadır. Bütün bunlara baxmayaraq, hər matça qələbə üçün çıxırıq. Rəqibin hansı komanda olması bizim üçün fərq etmir.
- 3 və 4-cü sıralarda olan “Araz-Naxçıvan” və “Turan Tovuz” son turlarda xeyli xal itkisi ilə üzləşdilər. Sizcə, “Neftçi” gücü kuboka yox, çempionata versəydi, 4-cü yeri tutub avrokuboklara yollana bilərdi?
- Qıraqdan ola bilər elə görsənirdi ki, biz fikrimizi daha çox kuboka yönəltmişik. Amma elə deyildi. Komandanın daxilində olan biri kimi deyirəm ki, bizim üçün oyunun fərq yox idi. Hər matça qələbə üçün çıxırıq. Çempionatda az da olsa, şansımız qalırdı. Bundan yararlanmağa çalışırdıq. Təəssüf ki, “Zirə” ilə oyun bəlkə də qırılma anı oldu. Bu şansdan istifadə etmədiyimiz üçün çox üzülmüşdük. Kubok və ya çempionat oyunu fərq etmirdi, biz maksimum gücümüzü qoyub qələbə qazanmaq istəyirdik.
- “Neftçi” ilə müqaviləniz yayda bitəcək. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, müqaviləm qurtaracaq. Amma borcumuzdur ki, müqavilənin sonuna qədər məşqlərdə, oyunlarda əlimizdən gələni edək. Buradan çörək qazanırıqsa, bunu halallıqla etməliyik. Hazırda gələcək barədə düşünmürəm. Müqavilənin bitməsinə 1 həftə, 10 gün qalsa da, sona kimi "Neftçi"nin uğuru üçün üzərimə düşəni edəcəyəm.
- Belə başa düşürük ki, yeni müqavilə barədə danışıqlara başlamamısınız?
- Bu, bir qədər məxfi bir şeydir. Sadəcə, indi olanı dedim.