
"Üçüncü ildir ki, tələbələr arasında futzal çempionatı keçirilir".
Bunu Sportnet.az-a açıqlamasında elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov tələbələr arasında keçirilən futzal çempionatının final qarşılaşmasından sonra deyib.
O, tələbələrin yarışa həvəsli olduğunu bildirib: "Builki çempionatda 12 komanda iştirak edirdi. Oyunlar noyabrdan başlayır. Çox gərgin keçən final oyunu izlədik. Üstünlük Azərbaycan İdman Akademiyasının tərəfində idi. Rəqib gərgin mübarizədə məğlub oldu. Ali məktəblərdə futbola maraq artır. Eyni zamanda bizim ikinci qrupumuz da var. Üçüncü yeri isə Bakı Dövlət Universitetinin komandası tutdu".
Qurbanov çempion komandanın avrokubokda iştirak edəcəyini söyləyib: "Bu ilin iyun ayında Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa universitetləri arasında çempionat keçiriləcək. Bu gün çempion olan Azərbaycan İdman Akademiyası bizi orada təmsil edəcək. Artıq ikinci ildir ki, Avropa çempionatında iştirak edəcəyik. Ötən il komandamız 5-ci pilləni tutub. Təmsilçimiz Almaniya, Fransa komandalarını məğlub etmişdi. Əminəm ki, builki turnirdə də komandamız uğurlu olacaq".
Qeyd edək ki, finalda İdman Akademiyası Azərbaycan Texniki Universitetinin komandasını 5:1 hesabı ilə məğlub edib.
Haşım MƏMMƏDOV