
“İndi heyətdə çoxlu yeni adlar var. Bir çox gənc futbolçudan yeni komanda qurulur”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan milli komandasının qapıçısı Şahrudin Məhəmmədəliyev Latviya və Macarıstanla yoldaşlıq oyunları üçün təlim-məşq toplanışına dəvət almasından danışarkən deyib.
Martın 25-də Belarusla qarşılaşmadan öncə zədə alaraq heyətdən kənarlaşdırılan futbolçu yenidən dəvət aldığı üçün sevincli olduğunu deyib: “Milli komandaya çağırıldığım üçün çox şadam. Bizə uğurlar”.
Məhəmmədəliyev hazırki heyətin nə dərəcədə uğurlu seçim olmasına münasibət bildirmək istəməyib: “Mən baş məşqçinin qərarlarını şərh edə bilmərəm. Təcrübəm nə qədər çox olursa-olsun, heyətin seçilməsi Fernandu Santuşun işidir”.
Yığmanın təcrübəli qapıçısı fiziki durumunun qaydasında olduğunu qeyd edib: “Mən hələ yığmada olarkən zədə almışdım, çox güclü ağrılar var idi və bu, mənə məşq etməyə imkan vermirdi. İndi isə özümü xeyli yaxşı hiss edirəm”.
Qeyd edək ki, Azərbaycan yığması Latviya ilə iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda, Macarıstanla isə iyunun 10-da “Liv Bona Dea Arena”da qarşılaşacaq.