
"Azarkeşlər və tamaşaçılar üçün maraqlı oyun oldu. İki qırmızı vərəqə, qarşılıqlı kəskin və çoxsaylı qol vəziyyətləri ilə zəngin qarşılaşma alındı. Yaxşı ki, qalib gəldik. Bu, bizə finala hazırlıq prosesində inam hissi verəcək".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Neftçi"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçından öncə narahatedici məsələ yoxdur: "Tam qüvvə ilə çalışırıq. Az çıxış edən futbolçulara oyun ritmini hiss etmək imkanı yaradırıq. Çoxlu oyun keçirənlərə isə dinclik veririk. Sakitcə hazırlaşırıq.
Moskvada MOİK-in UEFA Kubokunu qazanmasının 20 illiyi ilə əlaqədar tədbirdə təkcə Leonid Slutski və Valeri Qazzayevi yox, kimi görmüşəmsə, finalla bağlı müzakirə aparmışıq və onları oyuna dəvət etmişəm. Matça dəqiq baxacaqlar, amma harada izləyəcəklərini bilmirəm".
Berezutski hazırda Braziliyada çıxış edən keçmiş komanda yoldaşı Vaqner Lavın Azərbaycanda oynamasının nə dərəcədə mümkünlüyünə dair sualı da cavablandırıb: "Məncə, Vaqner Lav hələ yaxşı formadadır.
Üstəlik, o, kifayət qədər ağıllı oyunçudur. Yaş artdıqca sürət və oyun keyfiyyəti düşsə də, bədəni ilə yaxşı oynaya, top qəbul edə bilər. Çətin sualdır. Premyer Liqa oyunlarının intensivliyinə dözə bilərmi? Amma futbolçu kimi həqiqətən də möhtəşəmdir".