
"Ümumilikdə oyundan və növsümdən məmnunluq var. Xüsusən ilk hissədən. Şadıq ki, son oyunumuzda azarkeşləri sevindirdik".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev evdə "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssisin sözlərinə görə, komandası mövsüm ərzində daha yaxşı oynaya bilərdi.
Berdıyev III dövrədə "Kəpəz"ə 2:5 hesablı məğlubiyyəti unutmadıqlarını da vurğulayıb: "Qış fasiləsindən sonrakı məğlubiyyət yadımızda idi. Uşaqlara da bunu xatırlatmışdıq. Lakin belə böyük hesabla qələbə qazanacağımızı oyundan əvvəl deyə bilməzdim".
Baş məşqçi "Turan Tovuz"un UEFA Konfrans Liqasına vəsiqə məsələsinin həll oluna biləcəyi Azərbaycan Kubokunun final oyununu izləyəcəyini də diqqətə çatdırıb. O, "Qarabağ" - "Sabah" matçı zamanı Azərbaycanda olacağını bildirib.
Berdıyev komandasından heç bir futbolçunun Azərbaycan millisinin qarşıdakı toplanışına dəvət almamasına isə belə reaksiya verib: "Milliyə oyunçu çağırılmamasını burada şərh edə bilmərəm. Bu, millinin baş məşqçisinin müstəsna hüququdur".