
"Şaxtyor" komandanın yeni baş məşqçisini rəsmən təqdim edib.
Sportnet.az xəbər verir ki, bu, “Atletiko”, “Barselona” və Türkiyə millisinin 38 yaşlı sabiq futbolçusu Arda Turan olub. O, bosniyalı Marino Pusiçi əvəzləyib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, məşqçi ilə müqavilə iki illik - 2027-ci ilin yayına kimi imzalanıb.
Arda Turan məşqçilik karyerasına cəmi 2 il əvvəl “Eyüpspor”da başlayıb və həmin klubda ciddi uğurlar qazanıb. 2023/24 mövsümündə Turanın komandası Türkiyə Superliqasına yüksəlib. 2024/25 mövsümündə isə yüksək liqada altıncı yeri tutub.
Yada salaq ki, 2024/25 mövsümü Donetsk klubu üçün uğursuz alınıb. Klub Ukrayna çempionatında üçüncü yeri tutub və XXI əsrdə ilk dəfə UEFA Çempionlar Liqasından kənarda qalıb.
Cari mövsümdə “Şaxtyor”un yeganə uğuru Ukrayna kuboku olub. Finalda Donetsk komandası “Dinamo”nu (Kiyev) penaltilər seriyasında məğlub edib.