
"Zirə" klubu əcnəbi qapıçı transfer edəcək.
Bu barədə Sportnet.az-a "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
Onun sözlərinə görə, komandanın braziliyalı qolkiperi Tiaqo Silva ilə bağlı durum qeyri-müəyyəndir. Bu səbəbdən, Sadıqov hazırda qapıçı axtarışlarında olduqlarını diqqətə çatdırıb: "Aydın Bayramov, təcrübəli Anar Nəzirov və gənc Səlim Həşimovumuz var. Bir əcnəbi qapıçımız da olacaq. Nəzirov gələn mövsüm də komandamızda qalacaq. Son oyunları ilə göstərdi ki, hələ də karyerasını davam etdirə bilər".
Sadıqov Silvaya Azərbaycan Premyer Liqasında XXXVI turun "Araz-Naxçıvan"la səfər matçında vətəninə yollanması üçün icazə verdiyini açıqlayıb: "Bilirdim ki, oyunlarda iştirak etməyəcək. Ona görə də dedim ki, gedib istirahət edə bilərsən. Hətta Ruan Renatoya da istirahət vermişdum. Amma o, qalıb oynamaq istədiyini bildirdi. Çempionatın sonuna bir həftə qalmış şərait yaradırdım ki, kim istəyirsə, gedib istirahət etsin. Çünki avrokuboklara görə erkən toplanacağıq".