
"Turan Tovuz" Futbol Klubu bəyanat yayıb.
Sportnet.az Tovuz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada komandanın baş məşqçisi Kurban Berdıyevin hazırda Azərbaycanda olduğu bildirilib.
Klub türkmənistanlı mütəxəssislə müqavilənin davam etdiyini diqqətə çatdırıb: "Son günlər klubumuz haqda həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılmaqdadır. Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır.
Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir".
"Turan Tovuz" azarkeşləri və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırıb: "Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".