
"Həftə sonu yerli komandaların hokkey oyununa baxırdım. Autsayder olan komanda qalib gəldi. "Qarabağ"la oyuna da belə yanaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu İrlandiyanın "Şelburn" klubunun baş məşqçisi Coui O Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis komandasının hücum futbolu oynamasını istədiyini söyləyib: "Mənim üçün əsas odur ki, avrokubok oyunlarına görə peşman olmayaq. Bu, bir oyunçunun karyerasında elə bir məqamdır ki, bundan həzz almaq lazımdır. Ev oyunu olduğu üçün yaxşı atmosfer yaratmalı, irəli çıxmalı və rəqibi geri çəkilməyə məcbur etməliyik. İstəyirəm ki, komandam hücumda oynasın və keyfiyyətini nümayiş etdirsin”.
İrlandiyalı məşqçi oyunun gedişatının "Qarabağ"ın durumundan asılı olacağını bildirib: "Bizdən fərqli olaraq, onların yeni mövsümdəki ilk oyunudur. "Qarabağ" yalnız Avstriyada təlim-məşq toplanışında olub.
O Brayen növbəti mərhələyə vəsiqənin "Şelburn"a maddi gəlir gətirəcəyini əlavə edib: "Bu, bizim kimi klub üçün əla fürsətdir. Çempionlar Liqası oyununda qələbə qazanmaq bir futbolçu üçün möhtəşəm hadisədir. I təsnifat mərhələsində "Linfild"i (Şimali İrlandiya) keçə bildiyimiz üçün indi "Qarabağ"a rəqib olmuşuq".