
“Gecikdiyimiz üçün üzr istəyirik”.
Sportnet.az xəbər verir ki, bunu Yunanıstan təmsilçisi “Aris”in baş məşqçisi Marinos Uzunidis Bakıda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Tədbirə nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə gec gələn 57 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını bildirib: “Bu gün məşq edəcəyik. Artıq sabah vacib görüşümüz var. Biz də həmin oyuna hazırlaşacağıq”.
O, Bakıya daha əvvəl də səfər etdiklərini xatırladıb: “Qəbələ”yə qarşı oynamışdıq. Sabah bizi çəyin oyun gözləyir. “Araz-Naxçıvan”ın ötən mövsümdən bir neçə və bu ilki yoldaşlıq oyunlarından ikisini izləmişik. Əlimizdən gələni edərək, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.
Uzunidis “Araz-Naxçıvanla” oyun üçün heyəti müəyyənləşdirdiyini vurğulayıb: “Bir neçə oyunçu ilə təkbətək söhbət olunub. Bəziləri hələ hazır deyil, yeni gəliblər. Amma oynayacaq oyunçuların hamısı var-gücünü meydanda qoyacaq. Həmçinin əvəzləmələr də edəcəyik. Bir sözlə, sabah kimin oynayacağı məlumdur”.
Yunan məşqçi “Araz-Naxçıvan” barədə lazım olan məlumatları əldə etdiyini söyləyib: “Onların yoxlama oyunlarını da izləmişəm. Düzdür, qapalı keçirildi, amma indiki vaxtda nə istəsən axtarıb tapmaq olur”.
O, “Qarabağ”ın çıxışlarını izlədiyini deyib: “Neftçi”ni də tanıyıram. Hər il klublarınızın səviyyəsi artır. 15-20 illə müqayisədə əcnəbi oyunçular çoxalıb, bu da çempionatda öz təsirini göstərir. Həm də “Araz-Naxçıvan” barədə də bunu demək olar. Komanda ilk mövsümdür avrokuboklarda çıxış edir. Elmar Baxşıyev yaxşı işlər görüb. Biz isə dominant futbol oynayırıq. Yəni biz fərqli komandayıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” və “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.