
“Sabah bizi ağır oyun gözləyir".
Sportnet.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın kapitanı Urfan Abbasov evdə Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
33 yaşlı müdafiəçi görüşə yaxşı hazırlaşdıqlarını söyləyib: "Ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik”.
O, rəqibi analiz etdiklərini bildirib: “Onların zəif və güclü tərəflərini baş məşqçi Elmar Baxşıyev bizə göstərib. Rəqibin zəif nöqtələrindən yararlanmağa çalışacağıq. Qələbə qazanmaq üçün sabah əlimizdən nə gəlirsə, edəcəyik".
Abbasov komandasının təlim-məşq toplanışı barədə də söz açıb: “Türkiyənin yetərincə güclü komandaları ilə oynadıq. Çalışdıq ki, komandanın keyfiyyətini daha da açaq. Heyətimiz dəyişilib, keyfiyyətli oyunçular gəlib. Hücumda daha yaxşı oynamağa çalışırıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” və “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.