
Xorvatiyanın "Hayduk" komandasının baş məşqçisi Qonsalo Qarsiya Bakıda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
İspaniyalı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:
– Çətin oyun oldu. Komandamız matça bir qədər həyacanlı başladı və "Zirə" ilk fürsətdə bizi cəzalandırdı. Amma ikinci hissədə toparlandıq və hesabı bərabərləşdirdik.
– Oyundan əvvəl "Zirə"ni təhlil etmişdiniz. Bugünkü matçda gördüyünüz "Zirə" ilə analiz etdiyiniz "Zirə" arasında fərq vardımı?
– Xeyr, fərq olmadı. Mətbuat konfransında da qeyd etdiyim kimi, yaxşı təşkilatlanmış bir "Zirə" komandası ilə qarşılaşdıq. Uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar və keyfiyyətli oyunçulara sahibdirlər.
– Ötən mövsüm "Zirə" Xorvatiyanın digər təmsilçisi "Osiyek" ilə qarşılaşmışdı və penaltilər seriyasında qələbə qazanaraq, mərhələ adlamışdı. "Hayduk" bu aqibəti yaşamamaq üçün nə etməlidir?
– Bizim də öz oyun üslubumuz var və bu gün həmin üslubu nümayiş etdirdik. Hədəfimiz yalnız "Zirə"yə deyil, bütün rəqiblərə qarşı eyni şəkildə çıxış etməkdir.
– "Zirə"ni keçə bilməsəniz, bunu faciə hesab edərsiniz?
– Bu, futboldur. Yolumuza davam edəcəyik. Növbəti mərhələyə keçə bilməsək, müəyyən dəyişikliklərə ehtiyac olacaq. Amma hazırda bütün diqqətimiz cavab oyununa yönəlib.