
"Oyunun belə yekunlaşmasından məyusam. Hər şey nəzarətdən öz-özünə çıxdı. Düşünürdüm ki, ikinci hissədə üstün olacağıq. Lakin biz sadəcə, hesabı bərabərləşdirə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu İrlandiyanın "Şelburn" komandasının baş məşqçisi Coy O Brayen evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
39 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin üstün keyfiyyətlərini sadalayıb: "Onların hansı sürətlə oynayacaqlarını görürdük. İsti olacağını və belə havada rəqibin oynamağa adət etdiyini bilirdik. Onlarda hər şey - topa toxunuşlar, sürət, ötürmələr yüksək səviyyədə idi. Görünür, ilk yarıda biz rəqibə həddindən artıq hörmətlə yanaşdıq.
Futbol meydanında hörmət qorxulu bir şeydir. Mənə elə gəlirdi ki, səhvlərə yol verməkdən qorxuruq. Fasilədən sonra oyun sxemimizi dəyişdik, irəlidə daha fəal olduq, kəskin hərəkətlər həyata keçirdik və bir neçə təhlükəli vəziyyət yaratdıq. Bir epizodda 2 oyunçumuz hücumda rəqibin eyni sayda müdafiəçisi ilə üz-üzə qaldıqda, bir qədər səhlənkarlıq etdik. Halbuki belə səviyyəli oyunlarda yarım epizodlardan da yararlanmaq lazımdır".
O Brayen yol verdikləri səhvlərə də diqqət çəkib. Baş məşqçi "Qarabağ"ın ikinci qolunu vuran Aleksey Kaşuku oyunun ən yaxşısı adlandırıb: "Yaxşı formada olduğumuzu düşünürdüm. Lakin məqsədimizə çata bilmədik. Daha sonra boşluqlara yol verdik. Bunları etmək olmaz. İkinci qolu, yəqin ki, meydandakı ən yaxşı oyunçu vurdu. O, ötürmələri ilə seçildi və üstünlüyü ələ almağa kömək etdi. Sonuncu qol isə kobud səhvimizdən vuruldu".
Qeyd edək ki, cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.