
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Sabah"ın Bolqarıstan klubu “Levski” ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, UEFA avqustun 7-də keçiriləcək Sofiyadakı ilk görüşü xorvatiyalı hakimlər briqadasına həvalə edib.
Georgi Asparuhov adına stadionda təşkil olunacaq görüşün baş hakimi Duye Strukan olacaq. Ona Alen Yakşiçlə Maryan Tomas kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Ante Terziç yerinə yetirəcək.
Bakı vaxtı ilə saat 22:00-da başlanacaq qarşılaşmanın VAR hakimi Mario Zebets, VAR köməkçisi Ante Tsulyak olacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 14-də Bakıda təşkil olunacaq. Oyun saat 20:00-da start götürəcək.