
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstan təmsilçisi "Levski"nin tarixinə düşəcək.
Sportnet.az xəbər verir ki, Masazır komandası avrokuboklarda sofiyalılar üçün 100-cü rəqibi olacaq.
"Levski" indiyədək Azərbaycan klublarından yalnız "Bakı" ilə üz-üzə gəlib. 2009-cu ildə ildə keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarında Bolqarıstan komandası daha üstün olub - 0:0, 2:0.
Bolqarıstan komandası avrokuboklarda ilk oyununu 60 il əvvəl - 12 sentyabr 1965-ci ildə "Rosunda" stadionunda İsveç "Yurqorden"inə qarşı keçirib. Görüş "göylər"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
"Levski" indiyədək 220 oyunda 300 qol vurub. Qolların 3-ü komandanın aktivinə avtoqolla yazılıb. Sonuncu topu iki həftə əvvəl İsrailin "Hapoel" (Beer Şeva) komandası ilə qarşılaşmada Mustafa Sanqare vurub. Ümumilikdə isə 110 fərqli oyunçu fərqlənib.
Qeyd edək ki, bu gün "Georgi Asparuxov" stadionunda "Levski" və "Sabah" arasında keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü isə avqustun 14-də Masazırdakı Əlincə stadionunda ("Bank Respublika Arena") olacaq.