
Kipr "Omoniya"sının futbolçusu Mikael İnqebriqtsen "Araz-Naxçıvan"la UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunlarını buraxacaq.
Sportnet.az "Omonianews.com"a istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin baş məşqçisi Henninq Berq norveçli hücumçunu Naxçıvan klubu ilə oyunların iştirak ərizəsinə daxil etməyib.
66 yaşlı mütəxəssis həmyerlisini öz planlarında görmür.
Mikael İnqebriqtsen fevrak ayından "Omoniya"dadır. O, komandanın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Topredo" ilə oyunlarının hər ikisinə sonradan daxil olub. İnqebriqtsen Kiprdəki matçda (1:0) 11, Gürcüstandakında (4:0) isə 8 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da təşkil olunacaq "Araz-Naxçıvan" - "Omoniya" qarşılaşması saat 20:00-da start götürəcək. Komandalar arasında cavab oyunu avqustun 14-də Nikosiyanın GSP stadionunda keçiriləcək.